İQTİSADİYYAT
Vergiödəyicilərinə malları ciddi hesabat blankları əsasında almaları tövsiyə olunur
Bakı, 20 mart, Ramiz Quliyev, AZƏRTAC
2017-ci il yanvarın 1-dən qüvvədə olan Vergi Məcəlləsinə əsasən, mallar yalnız hesabat blankları vasitəsilə alınmalıdır. Əks halda bu, sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin vergidən yayınmasına səbəb ola bilər. Bununla bağlı vergiödəyicilərinin üzərinə hansı vəzifələr düşür və qanunu pozanlara qarşı sanksiyaların tətbiqi nəzərdə tutulubmu?
AZƏRTAC xəbər verir ki, Vergilər Nazirliyinin vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru Toğrul Quliyev qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin və vergitutma obyektlərinin uçotunu aparmağın hər bir vergiödəyicisinin vəzifəsi olduğunu bildirib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə bu məsələlərə də aydınlıq gətirilib. Eyni zamanda, qanunun tələbini pozan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi də Vergi Məcəlləsində nəzərdə tutulub. “Belə ki, hər bir vergiödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı qaimə-faktura və ya elektron qaimə-faktura verməyə borcludur. Məlum olduğu kimi, gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır. Bu cür halların qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərlə məsuliyyət tədbirləri planlaşdırılıb”.
Departament rəhbəri qeyd edib ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergiödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsindən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulub.
Odur ki, maliyyə sanksiyalarına məruz qalmamaları üçün vergiödəyicilərinə malları ciddi hesabat blankları əsasında almaları tövsiyə olunur.
Toğrul Quliyev onu da əlavə edib ki, Azərbaycan ərazisində malların sənədsiz satılması qanuna ziddir. Hər bir mal ya ölkədə istehsal olunur, ya da xaricdən idxal olunur. Hər iki halda mallar qanuna müvafiq qaydada sənədləşdirilməlidir. Əgər satılan malın sənədi yoxdursa, deməli, ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır.