MƏDƏNİYYƏT
Veronada “İpək yolundan musiqi yolu ilə” adlı Azərbaycan musiqisi konserti keçirilib VİDEO
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və İtaliyadakı səfirliyin dəstəyi ilə təşkil olunan konsertin tamaşaçıları arasında İtaliyanın dövlət və hökumət rəsmiləri, parlamentin üzvləri, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, hər iki ölkədən olan mədəniyyət və incəsənət xadimləri, turistlər və Verona sakinləri olub.
Konsertdən əvvəl Verona şəhərinin meri Flavio Tosi qonaqları salamlayaraq deyib ki, bu konsert getdikcə genişlənən Azərbaycan-İtaliya münasibətlərinin, xalqlarımız arasında sıx mədəni bağların mövcudluğunun ən bariz göstəricilərindən biridir.
Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək bildirib ki, bugünkü konsert Azərbaycan musiqisini İtaliya xalqına tanıtmaq üçün yaxşı imkan yaradacaq. O deyib: “Konsert proqramında Azərbaycanın Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə İtaliyanın tanınmış simfonik orkestri “Orchestra Italiana del Cinema” və “Qarabağ” muğam triosu, Azərbaycanın xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova, Azər Rzazadə Azərbaycan klassik musiqisinin bənzərsiz əsərlərini və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş muğam sənətimizin gözəl nümunələrini təqdim edəcəklər. Bu konsert vasitəsilə Azərbaycan və İtaliya musiqiçiləri ilk dəfə olaraq birgə çıxış edəcəklər”.
Azərbaycan-İtaliya əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən səfir bu konserti münasibətlərimizin inkişaf səviyyəsini nümayiş etdirən tədbirlərdən biri kimi dəyərləndirib. V.Sadıqov tədbirin keçirilməsinə göstərdiyi köməyə görə Veneto regionunun və Verona şəhərinin rəsmilərinə minnətdarlığını bildirib.
Azərbaycanın, İtalyanın klassik və milli musiqilərinin səsləndiyi konsertin çoxsaylı tamaşaçıları sırasında xüsusi qonaq qismində İtaliyanın məşhur müğənnisi Albano Karrizi də olub. İtaliya musiqisinin ən gözəl nümunələrini səsləndirən ifaçı Azərbaycana səfərindən söz açaraq bu ölkədən xoş təəssüratlarla ayrıldığını deyib. O, Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib.
Konsertdə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, muğam sənətimizin ən gözəl nümunələri dinləyicilərə təqdim olunub.
Konsertin sonunda dinləyicilər “Qarabağ” muğam triosunun müşayiəti ilə Mənsum İbrahimovun və Aygün Bayramovanın birgə ifa etdikləri “Qarabağ şikəstəsi”ni ayaq üstə, sürəkli alqışlarla qarşılayıblar.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Verona