MƏDƏNİYYƏT
“Vəsiyyət” tamaşası ictimai baxışda
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 144-cü teatr mövsümünün yeni səhnə əsəri - “Vəsiyyət” tamaşasına ictimai baxış keçirilib.
AZƏRTAC xəbər verir ki, tamaşanın baxışında şəhər ictimaiyyətinin nümayəndələri, sənətsevərlər iştirak ediblər.
Tamaşa yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilib. İkihissəli tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Səhnə əsərində rolları Əməkdar artistlər Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev, aktyorlar Rövşən Kərimduxt, Ləman İmanova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, İlahə Həsənova, Fəridə Şahbazova və Ramin Şıxəliyev ifa ediblər.
Dövran adlı milyonerin öz yaxınlarına vəsiyyətindən bəhs olunan tamaşada gülüş doğuran hadisələrlə yanaşı, insanları düşündürən, onları düzlüyə, halallığa səsləyən məqamlar da yetərincədir.
Səhnə əsərinin premyerası noyabrın 5-də Akademik Milli Dram Teatrında baş tutacaq.