İQTİSADİYYAT
Vətəgə əhəmiyyətli balıqların artırılmasına 1,3 milyon manat sərf olunub
Bakı, 21 avqust, AZƏRTAC
2016-cı ilin birinci yarısında vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinə 1,3 milyon manat və ya 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çox vəsait sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu vəsaitin 91,3 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 8,7 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.
Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 329,1 milyon ədəd balıq körpələrinin 315,5 milyon ədədi çəkikimilər, 8,0 milyon ədədi nərəkimilər, 5,5 milyon ədədi bitki ilə qidalanan balıqlar, 0,1 milyon ədədi isə qızıl balıqlar olub.