İQTİSADİYYAT
Vətəgə stansiyasının yeni inzibati binası istifadəyə verilmişdir
Bakı, 26 dekabr (AZƏRTAC). Yeni il ərəfəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Vətəgə stansiyasının yeni inzibati binası istifadəyə verilmişdir.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə keçirilən mərasimdə Səhmdar Cəmiyyətin, İmişli Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların, İmişli qovşağında yerləşən dəmir yolu təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Məlumat verilmişdir ki, əvvəlki inzibati bina 1955-ci ildə inşa olunmuşdur. Son zamanlar istismara yararlılığını itirdiyindən yeni inzibati binanın tikintisinə ehtiyac yaranmışdır. Tikinti işlərinə bu ilin mart ayında başlanılmış və qısa zaman ərzində başa çatdırılmışdır. Yeni binada sərnişinlər üçün gözləmə zalı, 8 iş otağı, mətbəx vardır. Otaqlar mebel və zəruri avadanlıqla təchiz olunmuşdur. İnzibati binada istilik sistemi də quraşdırılmışdır.
Tədbir iştirakçıları yeni inzibati binaya baxış keçirmiş və yaradılan şəraitdən razılıqlarını bildirmişlər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları Departamenti tərəfindən stansiyaya 2 kompyuter dəsti və surətçıxarma aparatı hədiyyə edilmişdir.