MƏDƏNİYYƏT
“Vətən eşqi var qəlbimdə” kitabının təqdimatı keçirilib
Bakı, 3 dekabr, A.İsmayılova, AZƏRTAC
Dekabrın 3-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Döyüşçü” qəzetinin baş redaktoru Cahangir Sabirovun (Ağsulu) “Vətən eşqi var qəlbimdə” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Tahir Sadıqov kitab haqqında məlumat verib. Bildirib ki, 172 səhifəlik kitabda gənc şair-publisistin 109 şeir, qəzəl, bayatı və digər janrlarda yazıları yer alıb.
Tədbirdə şair Oqtay Rza, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, Qarabağ qazisi Arif Məhərrəmov və başqaları kitabla bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, Cahangir Sabirov daima axtarışda olan, öz üzərində çalışan, mövzularında qlobal problemlərdən yan keçməyən şairdir. O, səmimi, sadə olmaqla yanaşı, öz əqidəsində prinsipial, ardıcıl olaraq mübarizə aparmağı bacaran bir qələm adamıdır. Şairin zaman, dövr, insan və təbiət haqqında yazdıqlarının təqdirəlayiq olduğu bildirilib.
Sonda Cahangir Sabirov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.