MƏDƏNİYYƏT


Vətən həsrətli şair

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycanın Xalq Şairi, nasir, publisist Söhrab Tahirin 90 illik yubileyinə həsr olunmuş “Vətən həsrətli şair” adlı tədbir təşkil olunub.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşı Sücayət Piriyeva, Xalq Şairi Sabir Rüstəmxanlı, şair, tədqiqatçı Qardaşxan Əzizxanlı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin baş redaktoru, şair Tahir Talıblı, “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu, şairin qızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəsibə Tahir Anadil və başqaları iştirak ediblər.

Tədbir Söhrab Tahirin həyat və yaradıcılığını əks etdirən videoslaydların nümayişi ilə başlanıb. Sonra tədbir iştirakçıları şairin yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, Söhrab Tahir 1962-1966-cı illərdə Azərbaycan Demokrat Firqəsinin Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbə müdiri, “Səhər” ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olub. 1991–ci ildə bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və digər medallarla, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və bu qurumun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-Tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

Tədbirdə kitabxana oxucuları şairin “Vətən”, “Azərbaycanım”, “Sular rəssamı” və digər şeirlərini səsləndiriblər.

Sonda şairin qızı Nəsibə Tahir Anadil atasının xatirəsinə göstərilən hörmətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.