REGİONLAR
“Vətən” kuboku intellektual bilik yarışmasının qalibləri mükafatlandırılıb
Beyləqan, 26 fevral, AZƏRTAC
Beyləqan şəhərindəki Gənclər Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Vətən” kuboku intellektual bilik yarışması keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi, Beyləqan Rayon İcra Hakimiyyəti, təhsil şöbəsi, uşaq yaradıcılıq mərkəzi, gənclər və idman idarəsi, Mil İntellektual Klubu, National Geographic Azerbaijan və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə tərəfdaşlığı ilə təşkil olunan tədbirdə ümumilikdə 25 komanda iştirak edib.
Açılış mərasimində çıxış edənlər bildiriblər ki, “Vətən” kuboku intellektual bilik yarışmasının keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin daha da yüksəltmək, onların məlumatlılıq səviyyəsinin artırılmasına yardım etməkdən ibarətdir.
Yarışdan əvvəl Xocalı faciəsi haqqında film göstərilib.
“Xəmsə” Milli İntellektual Oyun növü üzrə keçirilən yarışda Beyləqan şəhər 2 nömrəli tam orta məktəbin “Mil” komandası 1-ci, şəhər 4 nömrəli tam orta məktəbin “4+1” komandası 2-ci, Birinci Şahsevən kənd tam orta məktəbin “İnam” komandası 3-cü yerə layiq görülüb.
Qalib komandalara mükafatlar təqdim edilib.