MƏDƏNİYYƏT


“Vətən mənə oğul desə nə dərdim” devizi altında Məmməd Araz poeziya günü keçirilib

Bakı,15 may, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq Şairi Məmməd Arazın poeziyası gənclərin vətənpərvərlik tərbiyəsində, onlarda yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlər aşılanmasında həmişə təsirli vasitə olub və bu gün də öz dəyərini qoruyub saxlamaqdadır. Unudulmaz şairimiz ordumuzun uğurlarına hamıdan çox sevinər, Azərbaycan əsgərini sonsuz məhəbbətlə tərənnüm edər, həmişə ondan qələbə müjdələri eşitməyi arzulayar, onu Vətənə sədaqətli oğul, mübariz əsgər kimi görmək istərdi.

Məmməd Araz ordumuzun yaxın dostu, səngərdaşı idi. Səhhətində problemlər yaşanmasına baxmayaraq dəfələrlə cəbhə bölgələrinə səfər edər, döyüşçülərlə görüşər, soyuq əsgər səngərləri Məmməd Araz şeirinin hərarəti ilə qızınar, Azərbaycan əsgərini qələbələrə ruhlandırardı. Hələ neçə illər öncəsi cəbhə bölgələrindən qayıdarkən şair yazmışdı: "Vətən əsgərlərinin gözlərindəki parıltını, sevinci görəndə özümün xəstəliyimi tamam unutdum. Sən, əsgər oğul, "Vətən mənə oğul desə nə dərdim" misralarını təkrarən oxudun. Vətən əsgəri adını şərəflə daşımaq hər igid əsgərin ən ülvi arzusu olmalıdır. Sən dərədə sel, dağda qartal oğulsan. Mən sizə arxalanıb bu sözləri demişdim. Yerişinə, yürüşünə baxdım, bu qərara gəldim, səngərlərə endim, bu qərara gəldim. Sən qara qüvvələr qarşısında həmişə hazır vəziyyətdəsən, yalnız əmr gözləyirsən. Mən sizdən ayrılarkən səfər yoldaşlarımla geriyə əsgər vüqarı, əsgər əzmi, əsgər əyilməzliyi aparırdıq...”.

Məmməd Araz cismən həyatda olmasa da, onun çoxşaxəli ədəbi yaradıcılığı, xüsusilə vətənpərvərlik poeziyası bu gün də gənclərimizin öz xalqına, Vətəninə, dövlətinə sədaqətlə xidmət etməsi istiqamətində aktuallığını itirməyib. Azərbaycan ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, onların milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi işində şəxsi heyətlə iş üzrə zabitlər böyük Xalq Şairinin yaradıcılığına tez-tez müraciət edirlər.

Müdafiə Nazirliyinin rəhbərliyi, Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Şəmkir hərbi birliyinin hərbi hissələrində “Vətən mənə oğul desə nə dərdim” devizi altında keçirilən Məmməd Araz poeziya günü şəxsi heyətin həyatında yaddaqalan və unudulmaz günlərdən birinə çevrilib.

“N” saylı hərbi hissədə gənc əsgərlərlə görüşən ədəbiyyat, incəsənət xadimləri, veteranlar Məmməd Arazla bağlı xatirələrini bölüşüb, onun poeziyasına müraciət edib, əsgərləri maraqlandıran sualları cavablandırıblar.

Əməkdar İncəsənət Xadimi Abdulla Qurbani şairlə dostluğundan, onunla birlikdə dəfələrlə cəbhə bölgələrinə səfər etdiklərindən söhbət açıb, Məmməd Araz poeziyasında vətənpərvərlik mövzusu ətrafında geniş məruzə edib. Şairin "Əsgər andı", "Vətən desin", "Sınma", "Təsəlli", "Mürgüləmə" və başqa şeirlərindən nümunələr çəkib. Azərbaycan əsgərinə şairin ünvanladığı şeir şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb:

Son atəş də, son zərbə də səninkidir,

Oğul əsgər, əsgər oğul - mərd igiddir.

Mərd ölsə də, mərdlik ölmür, hünər ölmür;

Hünər ölmür, mərdlik ölmür - əsgər ölmür...

Respublikanın Xalq Artisti Məmmədəli Balayev çıxışına Məmməd Arazın "Nə yatmısan, qoca vulkan, səninləyəm!" misrası ilə başlanan şeiri ilə giriş verib. Vətən əsgərlərini Azərbaycanın ərazi bütövlüyünü təmin etmək naminə hər an Ali Baş Komandanın əmrlərinə hazır olmağa səsləyib. Xalq Artistinin bədii qiraət etdiyi şeirlər bir neçə gün öncə hərbi and içən ordu gənclərini daha da coşdurub. 76 yaşlı sənətkar əsgər oğullara üz tutaraq deyib: "Xalqımızın güvəndiyi, arxalandığı igid nəvələrim, mən Məmməd Arazdan şeirlər söylədim, siz isə dinlədiniz. Gələcək xidmət yolunuzu indi özünüz seçin. Yadda saxlayın ki, Vətən hər kəsə oğul demir. Vətən o kəslərə oğul deyəcəkdir ki, o, Azərbaycan deyiləndə ayağa dursun, mamır olub qayalarda bitsin, Vətənin daşı olsun, öz əsgəri borcunu Vətən qarşısında şərəflə, vicdanla yerinə yetirsin, Vətən uğrunda canını, qanını belə əsirgəməsin. Məmməd Arazın bu misrası nəinki ordu gənclərinin, ümumiyyətlə bütün Azərbaycan gəncliyinin inam simvolu olmalıdır: Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı!".

Tanınmış şair-jurnalist İnqilab İsaq, şair Oqtay Abdulla Məmməd Araz poeziyasının bəşəriliyindən, dünyəviliyindən, müasirliyindən və hər bir misrasının vətənpərvərliklə yoğrulduğundan bəhs edib, əsgərləri bu poeziyadan bəhrələnməyə, ilham almağa, həmçinin şairin arzu etdiyi kimi sədaqətli, iradəli, dözümlü, mübariz Vətən əsgəri səviyyəsinə yüksəlməyə çağırıb və yeni şeirlərini oxuyublar.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Gəncə şəhər təşkilatının sədri Yusif Məmmədov, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov, Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə "Azərbaycan Bayrağı" ordeni, arxa cəbhədəki xidmətlərinə görə isə "Tərəqqi" medalı ilə təltif olunmuş veteran döyüşçü Alim Əliyev çıxışlarında şeirin, poeziyanın da döyüşdə kəsərli silah olduğunu bildiriblər. Qeyd olunub ki, xalq qəhrəmanları bir əlində qılınc, bir əlində saz, dillərində isə Vətən ruhlu şeirlərlə cəng meydanlarına atılmış, düşmən üzərində qələbə çalmışlar.

Gənclik həvəsi ilə yaşayan 96 yaşlı müharibə veteranı Tofiq Hüseynov Böyük Vətən müharibəsi illərində Xalq Şairi Səməd Vurğunla döyüş meydanında görüşdüyünü, 1994-cü ildə isə Gəncə hərbi hospitalında yaralılara baş çəkməyə gələn Məmməd Arazla tanış olduğunu, şair sözünün döyüşçülərə necə ruh verdiyini yada salıb.

Həqiqi hərbi xidmətini şərəflə başa vurmuş və hazırda Gəncə Dövlət Pedaqoji Universitetində magistr pilləsində təhsilini davam etdirən istedadlı və ictimaiyyətçi gənc Elmir Bağırov və gənc şairə Samirə Səmanın çıxışları da maraqla qarşılanıb.

Məmməd Arazın

"Bu gün gərək hər anımız "Vətən!" - desin,

Qılıncımız, qalxanımız "Vətən!" - desin...

Ölənlərin əvəzinə, qalanımız "Vətən!" - desin!

misraları ilə poeziya gününün ilk tədbiri başa çatıb.

x x x

"Vətən mənə oğul desə nə dərdim" devizi altında keçirilən Məmməd Araz poeziya günü Daşkəsən rayonunda, dağlar qoynunda davam edib. 

Yaşıl talaya toplaşan Vətən müdafiəçiləri qonaqlara dağ çiçəkləri və bulaq suyu təqdim ediblər. Hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Rasim Manafov xalqımızın şair oğlu, təbiət vurğunu Məmməd Arazın xatirəsinə həsr olunmuş poeziya gününün iştirakçılarını qarşılamaqdan böyük qürur duyduğunu, bu gün də şeirin, sənətin əsgərlərimizə yeni ruh, yeni qüvvə verəcəyinə əminliyini bildirib.

Bu dağlara səni deyib gəlmişik,

Duman, çiskin, çəni deyib gəlmişik,

Gədiklərin qəddin əyib gəlmişik

Daşkəsənin qartalı!

- deyə Əməkdar İncəsənət Xadimi A.Qurbani Vətən müdafiəçilərini salamlayaraq qonaqları şəxsi heyətə təqdim edib.

Əsgərlər bu diyardan pərvazlanan şair İnqilab İsaqın, Oqtay Abdullanın, Saleh Qurbanovun çıxışlarını alqışlarla qarşılayıblar. Həm Məmməd Arazın, həm də yerli şairlərin şeirləri dağlarda əks-səda verib.

Xalq Artisti Məmmədəli Balayev Dədə Qorqud qiyafəsində olmasa, əlinə qopuz götürməsə də Oğuz elinin ağsaqqalı Dədə Qorqudun deyimləri ilə igidləri, ərənləri alqışlayıb:

Uca qara dağlarınız yıxılmasın!

Qılınclarınız kortalmasın!

Dava günü bədöy atlar büdrəməsin!

Qələbə doyumunuz olsun!

Gün o gün olsun ki, Lələtəpədə, Talış zirvəsində dalğalanan bayrağımız Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızda dalğalansın!..

Daşkəsən müdafiəçiləri qonaqları əmin ediblər ki, Vətənin onlara oğul deməsi üçün bundan sonra da Vətənə, dövlətə sədaqətlə xidmət edəcək, göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaq, Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlar.

Həmin gün hərbi birliyin bütün birləşmə və hissələrində Məmməd Araz poeziya günü çərçivəsində silsilə tədbirlər həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.