CƏMİYYƏT


Vətən müdafiəçisinin sağlamlığı keşiyində  VİDEO

Bakı, 26 iyun, AZƏRTAC

Hərbi təbabətin xüsusiyyəti hərbi qulluqda olan vətəndaşın sağlamlığının qorunub saxlanılmasına qayğı göstərməkdir. Onun nəzəri əsası tibb elmi olsa da, qoşunların şəxsi heyətinin spesifik şəraiti, döyüş travmaları və müharibə dövrü xəstəliklərinin özünəməxsusluğu, eləcə də qoşunların təşkilati quruluşunun xüsusiyyətləri mülki səhiyyədəki qayda və tələblərdən tamamilə fərqlənir. Hərbi hissə həkimi müalicə-təxliyə, sanitariya-gigiyenik və əks-epidemik tədbirləri eyni vaxtda yerinə yetirir və ondan yüksək peşəkarlıq tələb olunur.

Bu fikirləri Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev AZƏRTAC-ın müxbirinə müsahibəsi zamanı bildirib.

Azərbaycan Ordusunun çox güclü səhiyyəyə malik olduğunu söyləyən Tibb Baş İdarəsinin rəisi deyib: Hərbi hissələrin tibb xidməti öz işini birbaşa döyüş mövqeyində yerinə yetirir, yaralılara və xəstələrə tibbi yardımın göstərilməsində, onların axtarışında, toplanmasında, döyüş sahəsindən çıxarılmasında və təxliyə olunmasında iştirak edir. Yaralıların həyatının xilası ilk tibbi yardım xidmətinin vaxtında göstərilməsindən çox asılıdır.

Erməni silahlı birləşmələrinin torpaqlarımızı işğal altında saxlaması, təxribat məqsədilə qoşunların təmas xəttində atəşkəsi pozması hərbi qulluqçularımızın odlu silahdan yaralanmasına səbəb olur. Onlara vaxtında və keyfiyyətli tibbi yardımın göstərilməsi üçün həkimlərin, xüsusilə də cərrahların nəzəri və praktiki cəhətdən yüksək hazırlığına nail olmağa çalışırıq. Bunun üçün kurslar təşkil edir, konfrans və simpoziumlar keçirilir.

Ordumuz kimi hərbi səhiyyəmiz də çox güclüdür

-Natiq müəllim, son vaxtlar tibb xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində hansı yeniliklər var?

-Şəxsi heyətin sağlamlığına göstərilən qayğı, tibb xidmətinin maddi-texniki bazasının yenilənməsi sahəsində görülən tədbirlər hərbi qulluqçuların sağlamlığının qorunmasında vacib rol oynayır. Qeyd etməliyəm ki, hərbi hissələrdə müasir tələblərə cavab verən onlarla tibb məntəqəsi tikilib və onların hamısı yeni avadanlıqlarla təchiz olunub. Bir sıra tibb müəssisələri əsaslı təmirdən sonra ən qabaqcıl tibbi avadanlıqlarla təchiz edilən yeni binalara köçürülüb. Hərbi qulluqçular üçün Goradil Hərbi İstirahət Evinin bazasında Mərkəzi Hərbi Sanatoriya yaradılıb. Mərkəzi Stomatoloji Poliklinika, Mərkəzi Tibb Anbarı təmir olunaraq müasir qurğu və cihazlarla təchiz edilib. 2015-ci ildə Mərdəkandakı İstirahət Evi təmirdən sonra istifadəyə verilib.

Cəbhə bölgəsində yerləşən hospitallardan birinin Səyyar Tibb Qrupunun cərrahiyyə və terapiya bölmələri yeni təmir olunmuş binaya köçürülüb, əməliyyat bloku genişləndirilib, əlavə cərrahi masalar qoyulub, reanimasiya palatalarının sayı artırılıb, yaralılara ixtisaslaşmış tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılıb. Ələt, Naxçıvan və Gəncədə isə yeni hospitallarının tikintisi davam etdirilir.

Yaralı və xəstələrin döyüş mövqelərindən təxliyəsi üçün 2015-ci ildə 40 ədəd, 2016-cı ildə 50 ədəd tibbi avtomobil, 3 ədəd “Mersedes” markalı ambulans cəbhə bölgələrində yerləşən hospitallara, tibbi hərbi hissə və müəssisələrə, hərbi hissələrin tibb məntəqələrinə paylanılıb. Ön xətdə yerləşmiş bütün hərbi hissələr zirehli ambulanslarla təmin olunub.

Qadın hərbi qulluqçulara və hərbi qulluqçuların ailə üzvlərinə mama-ginekoloji xidmətin göstərilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında mama-ginekologiya bölməsi fəaliyyətə başlayıb. Bölmə ən yeni tibbi cihaz və avadanlıqlarla təchiz olunub. Müasir tələblərə cavab verən tibbi avadanlıqlar alınaraq tibbi hərbi hissə və müəssisələrdə istismara verilib.

Mobil qurumlar xidmətin ən prioritet istiqamətlərindən biridir

-Bəs mobil qurumlarda vəziyyət necədir?

-Hərbi qulluqçulara keyfiyyətli tibbi yardımın göstərilməsini, yüksək texnologiyalı və çevik tibbi qurumlara, tibbi təminat təşkilatlarına malik olmağı prioritet vəzifələrdən biri hesab edirik. Ona görə də cəbhəyanı bölgələrdə olan hərbi hospitallar müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş mobil bölmələrlə təmin edilib. Şəxsi heyətə mobil tibbi xidmətin göstərilməsi üçün tibbi hissə və müəssisələrdə laboratoriya və stomatoloji kabinetlər fəaliyyət göstərir. Alınan səyyar rentgen kabinetlər şəxsi heyətin flüoroqrafik müayinəsində və ağciyər xəstəliklərinin vaxtında aşkar olunmasında çox böyük rol oynayır. 

Tibbi kadrların hazırlığını yüksəltmək üçün beynəlxalq əməkdaşlıqdan istifadə olunur

-Natiq müəllim, tibb xidməti üçün kadrlar necə hazırlanır?

-Kadrların hazırlanması işində Tibb Universitetinin hərbi tibb fakültəsi çox əhəmiyyətli rol oynayır. İki il əvvəl fakültənin yeni inzibati binasının açılışı olub və burada çox gözəl təlim bazası formalaşdırılıb, ən müasir standartlara cavab verən Simulyasiya Mərkəzi yaradılıb. Görülən tədbirlər nəticəsində son illərin məzunu olan həkim və feldşerlərin bilik səviyyəsi əvvəlki illərdəkindən daha yüksəkdir. Keçən il 2 uzman, 7 rezident, hərbi tibb fakültəsini bitirmiş 61 tibb xidməti leytenantı, 48 feldşer hərbi hissələrdə və müalicə müəssisələrində fəaliyyətə başlayıb. Altı hərbi həkim rezidenturaya qəbul olunub. Hazırda 26 kursant və 15 uzman Gülhanə Tədris və Tədqiqat Xəstəxanasında təhsil alır.

Hərbi hissə və müalicə müəssisələrində xidmət edən həkimlərin peşə səviyyəsinin artırılması üçün də tədbirlər görülür. Onlar ölkəmizdə və dünyanın inkişaf etmiş dövlətlərində ixtisasartırma və təkmilləşmə kurslarına göndərilir, hər il onlarla həkim kurslarda, müxtəlif mövzulara həsr olunmuş elmi-praktik konfranslarda iştirak edir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında kursant və rezidentlərin yüksək səviyyədə hazırlanması üçün bütün imkanlar yaradılıb.

Nazirliyin müalicə müəssisələrində göstərilən tibbi yardımın səviyyəsi və aparılan müalicə kadrların yüksək peşəkarlığından xəbər verir. Baş Klinik Hospitalın kardiocərrahiyyə şöbəsində yüzlərlə açıq və qapalı ürək əməliyyatları yerinə yetirilib. Hospitalda göz əməliyyatları da çox uğurla aparılır.

Qardaş Türkiyə Respublikasının səhiyyə müəssisələri ilə geniş əlaqələrimiz var. Bundan başqa Gürcüstan, Belarus, Ukrayna, Almaniya, Fransa, İran, Koreya və digər ölkələrin tibb xidmətləri ilə əlaqələr qurulur. Hərbi həkimlərimizin digər ölkələrdəki həmkarları ilə təcrübə mübadiləsini genişləndirmək və onların peşə bacarıqlarını inkişaf etdirib yüksək səviyyəyə çatdırmaq başlıca məqsədlərimizdən biridir. 

Aprel hadisələri zamanı hərbi həkimlər yüksək hazırlıq nümayiş etdiriblər

 -Aprel döyüşləri hərbi səhiyyədə hansı nəticələr çıxarmağa imkan verdi?

-2016-cı ilin aprelində aparılan əməliyyatlar zamanı tibb xidmətinin yüksək səviyyədə təşkil olunması, yaralıların müalicə müəssisələrinə təxliyəsi, birləşmiş və mobil hospitallarda, eləcə də Baş Klinik Hospitalda aparılan cərrahi əməliyyatların səviyyəsi rəhbərlik tərəfindən yüksək qiymətləndirilib. Həmin dövrdə göstərilən yüksək tibbi xidmətə görə ölkə Prezidenti, müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi fərqlənən tibb xidməti hərbi qulluqçularını mükafatlandırıblar.

Aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həkimlər haqqında deyib: “Aprel hadisələri zamanı və ondan sonrakı günlərdə Prezident və mən hospitallarda, xəstəxanalarda olduq. O zaman yaralanmış, xəsarət almış əsgərlərimizə yardım göstərən, onların tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərimizə minnətdarlığımı çatdırmaq istəyirəm. Yaralanmış əsgərlərin demək olar ki, əksəriyyəti onların səyləri və əməyi nəticəsində sağalıb və normal həyat tərzinə qayıdıb və bu gün də Vətəni tam gücləri ilə qorumaq üçün hazırdırlar”. 

Hərbi qulluqçulara yüksək səviyyədə tibbi yardım göstərilir

-Müdafiə Nazirliyində hərbi qulluqçulara tibbi yardımın göstərilməsi necə qurulur?

-Hazırda Müdafiə Nazirliyinin tibb xidmətində tibbi yardımın göstərilməsi, ixtisaslı tibbi yardım və müalicə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təşkil olunur. Ötən illər ərzində hospitalın maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artıb, Baş Klinik Hospital regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi “Bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır” sözləri bugünkü reallığı əks etdirir.

Ali Baş Komandan İlham Əliyev Baş Klinik Hospitalın 2-ci müalicə korpusunun açılışında deyib: “Bu bina və burada quraşdırılmış avadanlıq əlbəttə ki, dünya səviyyəsindədir. Dünyanın aparıcı klinikalarında olan şərait və texniki təchizat burada var. Burada çalışan mütəxəssislər də böyük peşəkarlığa malikdir. Xarici klinikalarda təlim keçmişlər. Görürəm ki, burada işləyənlərin əksəriyyəti gənclərdir. Bu da məni çox sevindirir. Çünki indi dünyada tibb elmi o qədər sürətlə inkişaf edir ki, bu inkişafı daim izləmək lazımdır”.

Hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 6 şöbə, 39 müalicə-diaqnostika bölməsi fəaliyyət göstərir. Bölmələr tibb heyəti ilə komplektləşdirilib, beynəlxalq standartlara cavab verən cihaz və avadanlıqlarla təchiz edilib. Dörd blokun 10 əməliyyat otağında eyni vaxtda 19 cərrahi əməliyyat aparmaq mümkündür. Ürək-damar şöbəsində, göz xəstəlikləri bölməsində quraşdırılan avadanlıqlar mürəkkəb əməliyyatların aparılmasına imkan verir. 36 otaqda yerləşən laboratoriya şöbəsində olan ən müasir cihazlarla genetik, mikrobioloji, immunoloji, biokimyəvi və kliniki analizlər aparmaq mümkündür. Radiologiya bölməsində flüoroqrafiya, rentgen müayinə, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiya cihazları quraşdırılıb. Videomüşahidə otağında olan monitorlar vasitəsilə əməliyyat zallarından görüntülər nümayiş etdirilir, xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar həmin əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilirlər.

Hərbi tibb elminin inkişafı üçün Baş Klinik Hospitalda ciddi işlər görülüb. Silahlı Qüvvələrimizin inkişaf etmiş ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq sahəsində apardığı uğurlu işlər şübhəsiz ki, hərbi səhiyyənin inkişafına müsbət təsir göstərir. Onlarla hərbçi həkim hər il müxtəlif xarici ölkələrdə, o cümlədən Yaponiya, Fransa, İngiltərə, Türkiyə və Hollandiyada keçirilən elmi simpozium və beynəlxalq konfranslarda fəal iştirak edir, faydalı təcrübə qazanırlar.

Baş Klinik Hospital həm də güclü elm mərkəzidir. Hazırda hospitalda tibb üzrə 8 fəlsəfə doktoru, əksər tibbi ixtisaslar üzrə baş mütəxəssislər çalışır. Hərbi tibbi müəssisənin müasir elmi-texniki bazası daha geniş araşdırmalar aparmağa imkan verir.

Hərbi qulluqçuların sağlamlığının qorunması üçün qarşıya qoyulan vəzifələrin yüksək peşəkarlıq və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlardan lazımınca istifadə ediləcəkdir. Vətən torpağını qorumaq müqəddəs və şərəfli olduğu kimi, onun müdafiəçisinin sağlamlığı keşiyində dayanmaq da şərəflidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.