CƏMİYYƏT
Vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzində notariat xidmətlərindən yararlana bilərlər
Bakı, 28 iyul, AZƏRTAC
Artıq vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzinə müraciət edərək Ədliyyə Nazirliyinin notariat xidmətlərindən də yararlana bilərlər.
“ASAN xidmət”dən AZƏRTAC-a bildirilib ki, xidmətlərin “ASAN xidmət” mərkəzləri ilə yanaşı, 2 saylı “ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır. Əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq, vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.
Eyni zamanda, vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzinə müraciət edərək, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana bilərlər.
Qeyd edək ki, “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyinin 45 növ xidməti təqdim olunur.