CƏMİYYƏT
Vətəndaşlara “Azərişıq”, “Azərsu” və “Azəriqaz”a aid bütün xidmətlər “ASAN Kommunal” mərkəzlərində göstəriləcək VİDEO
Bakı, 5 may, AZƏRTAC
Vətəndaşlara “Azərişıq”, “Azərsu” və “Azəriqaz”a aid bütün xidmətlər “ASAN Kommunal” mərkəzlərində göstəriləcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısı İlham Əliyevin “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Fərmanını şərh edərkən bildirib.
İnam Kərimov deyib ki, artıq bu gündən etibarən təşkilati işlərə başlanılıb. “ASAN Kommunal” mərkəzlərində xidmət “Azərişıq”, “Azərsu” və “Azəriqaz”la birgə təşkil olunacaq. Çox qısa müddət ərzində “ASAN Kommunal”ın pilot layihəsi fəaliyyətə başlayacaq. Bunlar “ASAN xidmət”ə paralel mərkəzlər olacaq. Hazırda “ASAN xidmət” mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir, amma “ASAN Kommunal” mərkəzləri fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək. “ASAN Kommunal” mərkəzlərinin ayrı, “ASAN xidmət” mərkəzlərinə yaxın və yaxud bitişik binalarda fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzlərdə ən müasir ödəniş üsulları tətbiq olunacaq.
Dövlət Agentliyinin sədri deyib ki, “ASAN Kommunal” mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək. Mərkəzlər aidiyyəti qurumların vəsaitləri hesabına maliyyələşəcək. “ASAN Kommunal” mərkəzlərində bu üç qurumun göstərdiyi xidmətlərdən başqa digər kommunal xidmətlərin də vətəndaşlara göstərilməsi planlaşdırılır. “ASAN Kommunal” mərkəzlərində xidmət “ASAN xidmət”in prinsipləri əsasında həyata keçiriləcək. Bu mərkəzlərdə vətəndaşlar üçün bütün şərait yaradılacaq. Mərkəzləşdirilmiş növbə sistemi olacaq. Fiziki və hüquqi şəxslərin rahatlığı, mərkəzləşdirilmiş növbə sistemi, göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkili, vətəndaşların telefon və ya internet müraciətlərinin “Çağrı xidməti” vasitəsilə qəbulu və cavablandırılması əsas fəaliyyət istiqamətləridir.
Xatırladaq ki, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən “ASAN Kommunal” mərkəzlərinin yaradılmasını və vahid şəkildə idarə olunmasını təşkil edəcək.