CƏMİYYƏT
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə tədbirlər davam etdirilir
Bakı, 6 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işin səmərəliliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan belə tədbirlər respublikanın Qax, Samux və Quba Rayon Polis şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda da təşkil edilib.
Qax rayonunda 414 nəfərin etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi dəyişdirilib. Orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin 47 şagirdinə isə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.
Samuxda analoji tədbir nəticəsində 798 nəfərin şəxsiyyət vəsiqəsi dəyişdirilib, o cümlədən rayonda məskunlaşmış 13 məcburi köçkün yeni sənədlərlə təmin edilib.
Quba rayonunda keçirilmiş xidmət zamanı ümumilikdə 852 nəfərə, o cümlədən 36 şagirdə və 3 məcburi köçkünə yeni şəxsiyyət vəsiqələri verilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.