REGİONLAR
Vətənin müdafiəsinə hazıram!
Masallı, 6 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 6-da Masallı Rayon Mədəniyyət Evində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarının icra hakimiyyətlərinin məsul işçilərinin, şəhid ailələrinin, müharibə veteranlarının, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin və məktəblilərin iştirak etdiyi tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda belə tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, döyüş ruhunun, mübarizə əzminin artırılmasına istiqamətlənmiş tədbirin məqsəd və vəzifələrindən bəhs edərək, Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətləri konkret faktlarla diqqətə çatdırıb.
Qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, onlarda müstəqil dövlətimizə sədaqət hissini möhkəmləndirməkdir.
Bildirilib ki, ölkəmizin bütün regionları kimi, cənub bölgəsi də Azərbaycanın müstəqillik mübarizəsinə öz adını yazmış igid övladları ilə seçilir. Onların keçdiyi döyüş yolu hər bir gənc üçün qəhrəmanlıq, mübarizlik nümunəsi, vətəndaşlıq məktəbidir.
Azərbaycan Silahlı Qüvvələrinin regionun aparıcı ordusu olduğunu vurğulayan Z.Abdullayev diqqətə çatdırıb ki, hər kəs Vətənin müdafiəsinə hazır olmalıdır.
Tədbirdə çıxış edənlər Azərbaycanda ordu quruculuğu və gənclərin həqiqi hərbi xidmətə hazırlanması sahəsində əldə olunan uğurlardan söhbət açıblar.
Gənclər ölkəmizin sərhədləri keşiyində ayıq-sayıq durmağa, Ali Baş Komandanın əmri ilə zəbt olunmuş torpaqlarımızın azad olunması üçün döyüşlərə hər an hazır olduqlarını bildiriblər.
Tədbir hərbi-vətənpərvərlik mövzusunda hazırlanmış bədii hissə ilə başa çatıb.