REGİONLAR
Vətənpərvər insan vətənini yaxşı tanımalıdır
Şamaxı, 23 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində martın 23-də Şamaxıdan 40 nəfər yuxarı sinif şagirdi qədim Gəncə şəhərinə yola salınıb.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Gülnisə Ələkbərova Prezident İlham Əliyevin tapşırığı ilə artıq dördüncü ildir ki, həyata keçirilən tur-aksiyaların maarifləndirici rolunu, yeniyetmələrin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyətini qeyd edib. O, Gəncəyə, Göygölə və Şəmkirə gedən məktəblilərin səfər proqramı haqqında məlumat verib.
Yolasalma mərasimində çıxış edən valideynlər məktəblilərə onlar üçün yaradılan bu imkanlardan maksimum faydalanmağı, Azərbaycanın ayrı-ayrı guşələri, qədim tarixi barədə zəngin məlumatlar əldə etməyi tövsiyə ediblər.
Tur-aksiya iştirakçıları onlar üçün yaradılmış bu şəraitdən məmnun olduqlarını bildiriblər. Şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Röya Ələkbərova deyib: “Mən və bütün yoldaşlarım bu səfərə görə çox sevinirik. Görmədiyimiz yerləri gəzəcəyik. Qədim tarixi şəhərlərimiz olan Gəncə ilə, eləcə də Şəmkir və Göygöl rayonları ilə tanış olacağıq. Bütün bunlar doğma Vətənimiz olan Azərbaycanımız barədə daha zəngin bilgilər əldə etməyimizə imkan verəcək. Bizə bu imkanı yaratdığına görə Prezidentimiz İlham Əliyevə çox minnətdarıq”.
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində martın 23-də Zərdab rayonundan 40 nəfərlik IX-XI sinif şagirdlərindən ibarət qrup Quba, Qusar və Xaçmaza, İsmayıllı məktəbliləri isə Gəncə, Şəmkir və Göygölə yola salınıblar.