CƏMİYYƏT


Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin ən önəmli tərkib hissəsidir VİDEO

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 31-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” adlı konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, konfransın məqsədi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində görülən işlər, bu sahədə qarşıda duran məsələlərin müzakirə edilməsi olub.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, media təmsilçiləri, ziyalılar və gənclər iştirak ediblər.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov tədbirdə çıxış edərək bildirib ki, gənclər arasında vətənpərvərliyin təbliğində ziyalılarımızla, təhsil müəssisələrimizlə yanaşı, dini icmalar da iştirak etməlidirlər. Dini icmaların bu istiqamətdəki fəaliyyətini daha da təkmilləşdirməyə, bu sahədə birgə işin koordinasiya edilməsinə böyük ehtiyac var. Çünki gənclərimizin təhsil müəssisələrindən sonra ən çox üz tutduqları məkan məhz ibadət evləridir. Milli-mənəvi dəyərlərimizin təbliği həm də radikalizmlə mübarizədə önəmli amillərdən biridir. İbadət evləri dini təbliğat işinin, dini maarifləndirmənin tərkib hissəsidir və bu da vətənpərvərliyin təbliğ olunmasında dini icmaların rolunun önəmini göstərir. Bugünkü konfransda müxtəlif dini konfessiyaların rəhbərləri iştirak edirlər. Bu, o deməkdir ki, vətənpərvərliyin təbliğində bütün dini konfessiyalar, icmalar yaxından iştirak etməlidirlər.

Vurğulanıb ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan gənclərinin bizim düşündüyümüzdən də vətənpərvər olduqlarını göstərdi. Bu, Azərbaycan gəncliyinin mübarizliyini və vətənpərvərliyini bir daha təsdiq etdi.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Vətənpərvərliyin təbliğində dini icmaların rolu” mövzusunda çıxış edib. O bildirib ki, gənclərimizdə Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq qarşıda duran əsas məqsəddir. Vətəni sevmək, onu qorumaq çox önəmlidir. Bunun üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda formalaşmalıdırlar. Həmçinin dini icmalar da vətənpərvərliyin təbliği istiqamətində tədbirlər həyata keçirməlidirlər. Vətənpərvərliyin aşılanmasında dini icmalar xüsusi rol oynayırlar. Çünki vətən sevgisi imandandır.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev qeyd edib ki, gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsi çox önəmlidir. Vətən itkisi valideyn, övlad itkisi qədər ağırdır. Dinimizə görə vətən təhlükədə olarsa onu qorumaq hər birimiz üçün vacibdir. Çünki vətən bütün müqəddəs dəyərlərin toplandığı yerdir. Din, namus, şərəf və müstəqillik kimi müqəddəs dəyərlər ancaq vətən sayəsində qoruna bilər. Vətəni sevmək və düşmənlərdən qorumaq müqəddəs vəzifədir. Gənc nəsil bu istiqamətdə maarifləndirilməlidir.

Sonra Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxış edərək mövzunun önəmi barədə fikirlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.