MƏDƏNİYYƏT


Vətənpərvərlik mövzusunda layihənin sərgi-müsabiqəsi keçirilib VİDEO

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin (“ARİ” İB) “Vətənpərvərlik mövzusunu özündə əks etdirən sosial reklamların və reklam konstruksiyalarının dizaynının hazırlanması, respublika ərazisində yerləşdiriləcəyi yerlərin müəyyənləşdirilməsi” layihəsinin sərgi-müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgi-müsabiqənin açılışı noyabrın 3-də Xətai Sənət Mərkəzində olub.

Layihənin müəllifi, “ARİ” İB-nin idarə heyətinin sədri Hacı Əmi Atakişiyev çıxış edərək layihə barədə məlumat verib. Bildirilib ki, aprel döyüşlərindən sonra layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edilib və şura tərəfindən qəbul olunub.

Qeyd edilib ki, layihə çərçivəsində vətənpərvərlik hissinin artırılması ilə bağlı təbliğat xarakterli sosial reklam lövhələrinin konseptual layihəsinin, eləcə də tematik mövzuya aid dizayn, şüar və eskizlərin hazırlanması sahəsində ciddi işlər aparılıb. İlk olaraq bu sahə üzrə kifayət qədər təcrübəyə malik mütəxəssislərdən ibarət ilkin dəyərləndirmə komissiyası yaradılıb. Komissiya mövzunun əhatəliliyini və vacibliyini nəzərə alaraq ümumilikdə bu layihəni gələcək planların başlanğıcı kimi qəbul edib.

Layihə müddətində görülən işlər Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinin www.aribaki.org elektron saytında və onunla paralel fəaliyyət göstərən www.layiheqht.aribaki.org saytında yerləşdirilib.

Ümumilikdə, komissiyanın bir konfransı və üç iclası keçirilib. Burada respublikamızın reklam sahəsində çalışan tanınmış mütəxəssislər, plakatçı rəssamlar, dizaynerlər, konstruktorlar, hərbçilər və xüsusilə Xocalı 1 nömrəli orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Üç ay ərzində müsabiqəyə uyğun olan 68 iş qəbul edilib. Bu işlər münsiflər heyəti tərəfindən dəyərləndirilərək seçilib.

Layihənin müəllifi diqqətə çatdırıb ki, təqdim edilən işlər kataloq halında hazırlanacaq və layihə gələcəkdə də davam etdiriləcək. Bu plakatların respublikanın bütün bölgələrində yerləşdirilməsi planlaşdırılır.

Xalq Rəssamı Arif Hüseynov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) prorektoru Fuad Salayev, Müdafiə Nazirliyinin nümayəndəsi Emin Səfərov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı, layihənin kuratoru Mirzə Zahidov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, “Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və başqaları layihənin əhəmiyyətindən danışıb, vətənpərvərlik hissinin artırılmasında bu mövzuda hazırlanan plakatların böyük rolunu qeyd ediblər. Layihənin bu sahədə ilk təşəbbüs olduğunu diqqətə çatdıran natiqlər bildiriblər ki, nümayiş etdirilən işlərdə müəlliflərin düşüncəsi, fikri və mövzuya münasibəti əksini tapıb.

Sonra münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibləri mükafatlandırılıblar. ADRA-nın tələbəsi Emin Aslanov birinci, plakatçı-rəssam Ağadadaş Qasımov ikinci, rəssam Haşım Haşımov üçüncü yerlərə, plakatçı-dizayner-rəssam Balağa Məmmədov isə xüsusi mükafata layiq görülüblər. Layihədə iştirak edən bir qrup rəssam, dizayner və plakatçılara sertifikat, layihənin həyata keçməsində yardımçı olan mütəxəssislərə isə diplomlar verilib.

Qeyd edək ki, layihəyə təqdim olunmuş işlərin sərgisi üç gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.