REGİONLAR
Veteran ağır atletlər arasında Avropa çempionatının iştirakçıları Naxçıvanla tanış olublar
Naxçıvan, 26 may, AZƏRTAC
Naxçıvanda keçirilən veteran ağır atletlər arasında Avropa çempionatının iştirakçıları Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, burada qonaqlara muzey haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. Ulu Öndər tərəfindən qəbul edilən qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, Ümummilli Liderə göndərilmiş məktub və teleqramlar mənalı ömür yolunun müxtəlif anlarını özündə əks etdirməklə, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə də dolğun təsəvvür yaradır.
Qonaqlar ulu öndər Heydər Əliyevin həyatından müxtəlif məqamları əks etdirən fotoşəkillərə, dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətinə, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi, Moskvada Sovet İttifaqının ali rəhbərliyində çalışdığı dövrlərə, 1990-1993-cü illərdəki fəaliyyətinə, Ermənistanın ölkəmizə təcavüzünün nəticələrini aradan qaldırmaq sahəsində gördüyü işlərə həsr olunmuş stendlərə böyük maraqla baxıblar.
Veteran idmançılar Duzdağ Fizioterapiya Mərkəzinə də gəliblər. Burada onlara məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.
Müalicə olunanlar və onları müşayiət edənlər üçün mərkəzdə nümunəvi xidmətlər təşkil olunub. Burada iki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir. Yer altındakı duz dağının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında duz oksigen havanın 20 faizini təşkil edir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir.
Qeyd edək ki, muxtar respublikada keçirilən Avropa çempionatı günlərində idmançıların Naxçıvanla tanışlığı davam etdiriləcək.