CƏMİYYƏT
Veteranlar Azərbaycan Prezidentinin Ordumuza və cəbhə bölgəsinin sakinlərinə dəstəyini yüksək qiymətləndirirlər
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mayın 1-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında yerli əhali və hərbçilərimizlə görüşərək düşmənin törətdiyi vəhşiliklər nəticəsində yaranmış vəziyyətlə, xidməti şəraitlə tanış olmaları və tapşırıqlarını verməsi biz veteranların da qəlbini sonsuz fərəh hissi ilə doldurub. Bu səfər bir daha göstərdi ki, ölkə rəhbəri cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür.
Bu fikri Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev AZƏRTAC-a açıqlamasında bildirib.
Dadaş Rzayev deyib ki, dövlətimizin başçısının və xanımının cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Mahrızlı kəndlərində və qoşunların təmas xəttinə yaxın digər məntəqələrdə sakinlərlə görüşləri, Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralılara baş çəkmələri həm də Ali Baş Komandanın bütün məsələləri şəxsi nəzarətində saxlaması, vəziyyətlə bağlı operativ qərarlar qəbul etməsinin göstəricisidir.
Ehtiyatda olan general bildirib ki, Ali Baş Komandanın bütün təhlükələrə baxmayaraq, təmas xəttindəki yaşayış məntəqələrinə baş çəkməsi əhalinin, əsgər və zabitlərin əhval-ruhiyyəsini daha da yüksəldib, onların qələbə əzmini artırıb. Şəxsi liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim edən Azərbaycan Prezidenti bir daha sübut etdi ki, cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunublar. Azərbaycan Ordusu və əhali də Prezident İlham Əliyevin göstərdiyi bu dəstəyi və qayğını yüksək qiymətləndirir.
“Biz veteranlar inanırıq ki, Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə bundan sonra da layiqli cavab verəcək, torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda yeni şücaətlər göstərəcək”, - deyə Dadaş Rzayev qeyd edib.