CƏMİYYƏT
Veteranlar Təşkilatında 28 May – Respublika Günü qeyd edilib
Bakı, 27 may, AZƏRTAC
Bakı Slavyan Universitetinin tələbələrinin təşəbbüsü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Gənclərdə milli ruhun gücləndirilməsi” şüarı ilə 28 May-Respublika Gününə həsr edilmiş konsert proqramı təşkil olunub.
Respublikası Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Veteranlar Təşkilatının əməkdaşı Səidə Abdullayeva çıxış edərək yaşlı və gənc nəslin Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı günün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra Respublika Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək 28 May-Respublika Gününün əlamətdar hadisə olduğunu bildirib. O, müstəqillik uğrunda canından keçmiş şəxslərin xatirəsinin əbədiləşdirilməsinə və veteranlara göstərilən dövlət qayğısından danışıb. Gənclərin bu təşəbbüsünü alqışlayan D.Rzayev onlara təhsildə və ictimai həyatda uğurlar arzulayıb.
Tələbə Xanım Bünyatova və başqaları 28 May-Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, gənclərdə milli ruhun güclənməsində veteranların rolundan danışıb, vətənpərvərlik tərbiyəsinin onların təhsilində böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Çıxışlardan sonra musiqisi bəstəkar Sevinc Tofiqqızına məxsus olan vətənpərvərlik mövzusunda çəkilmiş “İgidlər yurdusan, ey Azərbaycan” videoçarxı nümayiş etdirilib.
Bəstəkar çıxışında musiqinin ərsəyə gəlməsindən danışıb və bu musiqinin torpaqlarımız azad olunduqdan sonra Qarabağda səslənməsini arzulayıb.
Sonra rəngarəng musiqi nömrələri, rəqslər və şeirlər təqdim olunub.
Tədbirdə məktəblilərin ifa etdikləri “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, “Tanrım məni şəhid eylə, bu torpağın uğrunda”, “Vətən uğrunda” muğamı, “Sarı gəlin”, “Şəhid arzuları”, “Çırpınırdın, Qara dəniz” mahnıları, şeirlər alqışlarla qarşılanıb.
Respublika Veteranlar Təşkilatının sədri, general-mayor Dadaş Rzayev tələbə və şagirdlərə təşəkkürnamələr təqdim edib.
Ehtiyatda olan polkovnik Cəlil Xəlilov konsert proqramı təşkil etmək təşəbbüsünə görə gənclərə təşəkkürünü bildirib və onların vətənpərvərlik mövzusunda çıxışlarının təqdirəlayiq olduğunu deyib. C,Xəlilov gənclərin müharibənin od-alovundan çıxmış şəxslərlə ünsiyyətinin əhəmiyyətini yüksək qiymətləndirib.