REGİONLAR
Vey Cinhuan: Naxçıvan zəngin potensiala malik regiondur
Naxçıvan, 15 avqust, Tural Kəngərli, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası müxtəlif çətinliklərə baxmayaraq daim inkişaf edir, öz sabitliyini qoruyur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan deyib.
Muxtar respublikaya səfəri barədə danışan səfir qeyd edib ki, bu, onun Naxçıvana ilk səfəridir: “Bildiyiniz kimi, gəlişimin əsas məqsədi muxtar respublika ilə daha yaxından tanış olmaqdır. Naxçıvan Azərbaycan xalqının lideri Heydər Əliyevin vətənidir. Heydər Əliyev isə təkcə Azərbaycan xalqının lideri deyil, həm də Çin xalqının böyük dostudur. Yaxşı xatırlayıram, Heydər Əliyev ilk dəfə 1994-cü ildə Çinə səfər etmiş və ölkəmizdə bir sıra faydalı görüşlər keçirmişdi. Elə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı ilk əməkdaşlıq körpüsünün təməli də məhz həmin dövrdə qoyulmuşdu. Ona görə də bura gələndə düşünürdüm ki, mən həm də dahi Heydər Əliyevin vətəninə gedirəm”.
Naxçıvanla Çin Xalq Respublikası arasında bir sıra əməkdaşlıq əlaqələrinin mövcudluğuna toxunan səfir bildirib ki, Çin Xalq Respublikasının şirkətləri Naxçıvanda həm telekommunikasiya, həm də avtomobil istehsalı üzrə təmsil olunur. Bu, eyni zamanda, Naxçıvanın bir muxtar respublika kimi investisiyalara açıq olduğunun göstəricisidir.
“Bildiyiniz kimi, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında səfərdə olmuşdu və səfər müddətində hər iki ölkənin liderləri arasında müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilmişdi. Buna görə də çalışırıq ki, Azərbaycanın regionları, o cümlədən Naxçıvanla Çin arasında daha geniş əlaqələrin qurulmasına yardım edək. Yeri gəlmişkən, qeyd edim ki, mənim Naxçıvana səfərim çox qısa - ikigünlük olsa da, regionun potensialı haqqında mühüm məlumatlar toplaya bildim. İnanıram ki, bu səfərim bundan sonrakı fəaliyyətimdə də Naxçıvanın, ümumilikdə isə Azərbaycanın Çin Xalq Respublikası ilə qarşılıqlı əməkdaşlığında mühüm rol oynayacaq”, - deyə səfir vurğulayıb.
Naxçıvanın çox zəngin potensiala malik region olduğunu qeyd edən səfir deyib: “Burada qədim tarixi abidələr var, müasir infrastruktur yaradılıb. Eyni zamanda, Naxçıvanın çox isti havası var. Elə insanları da istiqanlıdır. İnanıram ki, bu isti atmosfer əlaqələrimizin hər zaman möhkəm olacağına şərait yaradacaq”.