DÜNYA
Video funksiyalarına malik olan kontakt linzalar yaradılır
Bakı, 21 noyabr, AZƏRTAC
Amerikalı mühəndislər vizual informasiyanı bilavasitə gözə çatdıra bilən kontakt linzalar yaradacaqlar. Bu layihəni maliyyələşdirən ABŞ hərbi hava qüvvələri pilotlar üçün yeni qurğu yaratmaq niyyətindədirlər. layihədə istifadə edilən texnologiya barədə “Nano Letters” jurnalında daha ətraflı məlumat verilir, “New Scientist” saytında isə bu barədə qısa xəbər dərc edilib.
Prinston Universitetindən olan Maykl Makelpayn və onun həmkarları 5 təbəqədən ibarət kontakt linza çap edən 3D-printer yaradıblar. Linzanın təbəqələrindən biri işığı gözün səthinə əks etdirir. Linzalar şəffaf polimerdən hazırlanır. Bu polimerin daxilində bir neçə komponent: nano ölçülü kvant nöqtələrindən ibarət işıq diodları, gümüş nanohissəciklərindən düzəldilmiş naqil və mikrosxemlər üçün material kimi istifadə edilən üzvi polimerlər yerləşdirilib.
Makelpayn bildirir ki, layihə üzərində işin ən mürəkkəb hissəsi linza təbəqələrinin öz aralarında möhkəm əlaqəsini təmin edə bilən kimyəvi maddələri seçmək idi. İnsanların göz almacıqlarının unikal forması daha bir çətinlik yaradırdı: linzanın pasiyentin gözünə uyğunluğunu təmin etmək üçün mühəndislər kontakt linzanın yaradılmasını iki videokamera ilə izləməli olublar.
Gözlənildiyinə görə, yeni layihə ilk növbədə pilotlar üçün faydalı olacaq: kontakt linzalar uçuş haqda informasiyanı bilavasitə gözün torlu qişasına ötürəcəklər. Bundan əlavə, linzaların içərisinə pilotun gözünün yorulmasını aşkar edən kimyəvi biomarkerlər quraşdırmaq olar.
Bəzi alimlər bu yeni araşdırmanın praktiki baxımdan əhəmiyyətli olmasına şübhə edir. London İmperiya Kollecindən olan fizik Reymond Mürreyin fikrincə, işıq diodları ilə işləyən displeyin qoşulması üçün çox yüksək gərginlik tələb olunur. Bundan əlavə, materialların təhlükəsizliyini təmin etmək lazımdır. Məsələn, məlumdur ki, kvant nöqtələrinin hazırlanmasında istifadə edilən kadmium-selenid insanın sağlamlığı üçün çox zərərlidir.