İQTİSADİYYAT
“Vikinq train” layihəsinin perspektivləri müzakirə olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakıda “Vikinq train” layihəsinin gələcək perspektivləri müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, müzakirələr sentyabrın 15-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə keçirilən görüşdə aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. Görüşdə Azərbaycanla Litva arasında əməkdaşlıq əlaqələrinin və “Vikinq train” layihəsinin gələcək perspektivləri müzakirə olunub.
Səfir Valdas Lastauskas “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. Belə ki, “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərq istiqamətində, (Mərkəzi Asiya və Çin) həm də Cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Şimali Avropa (Baltikyanı, Skandinaviya və sair) dövlətlərinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğundan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək.