DÜNYA
Viktor Pelevinin "Nəzarətçi" adlı iki cildlik kitabı satışa çıxarılacaq
Bakı, 4 avqust, AZƏRTAC
Tanınmış rus yazıçısı Viktor Pelevinin "Nəzarətçi" (Smotritel) adlı iki cildlik romanı sentyabrda Rusiyada satışa çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, "Sarı bayraq ordeni" və "Dəmir uçurum" adlanan iki hissədən ibarət "Nəzarətçi" romanı imperator birinci Pavel barədədir. Tarixdə Birinci Pavel sui-qəsd nəticəsində öldürülsə də, romanda onun gizli şəkildə Peterburqu tərk etdiyi bildirilir. Yazıçıya görə, rus imperatoru həm də kimyagər idi və Peterburqdan o birbaşa İdilliuma - artıq bir neçə yüz ildir ki, ətrafdakılar üçün görünməz olan dünyaya yola düşür. İdilliumda imperator Nəzarətçi olur. O, burada qayda-qanuna riayət edilməsinə nəzarət edir.
İkinci kitabda isə söhbət digər nəzarətçidən - Aleksis de Kijedən gedir. Burada o, öz həyatının və hər şeyin mənbəyinə çatmağa çalışır.
Viktor Pelevin ən çox oxunan rus yazıçılarındandır. V.Pelevin demək olar ki, müsahibə vermir, şəkil çəkdirmir və ictimaiyyət arasında görünməyi sevmir. Yazıçının "Nəzarətçi" əsərinin janrı "düşüncə mayallağı" kimi xarakterizə edilir.