SİYASƏT
Vilnüsdə keçirilən tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışılıb
Vilnüs, 27 dekabr, AZƏRTAC
Azərbaycanın Litvadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Milad Bayramı münasibətilə Litva Seymində yenidən formalaşmış Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun üzvlərinə ziyafət verilib.
Cari ilin oktyabrında Litva Seyminə keçirilmiş seçkilərdən sonra Seymdə Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə 46 deputatdan ibarət yeni qrup yaradılıb. Bu qrup üzvlərinin sayına görə Seymdə yaradılmış ən iri beş qrupdan biridir.
Tədbirdə Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri, o cümlədən Seymin sədr müavini Mindauqas Bastis, Litva Jurnalistlər Birliyinin rəhbəri Denius Razyaviçüs, LRT dövlət telekanalının baş direktoru Audris Siaurusyaviçüs, Seymin xarici əlaqələr idarəsinin və protokol xidmətinin əməkdaşları, səfirliyin yaxından əməkdaşlıq etdiyi KİV rəhbərləri və nümayəndələri, Litvada yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz iştirak ediblər.
Ziyafətdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə millət vəkillərinin bəzilərinin yenidən, digərlərinin isə ilk dəfə olaraq Seymə seçilmələri ilə bağlı onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Səfir Litva Seyminin keçmiş çağırışında (2012-2016-ci illər) fəaliyyət göstərmiş Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun işindən məmnunluğunu ifadə edib. O, yeni formalaşmış qrupun Litva-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə danışan diplomat bu günün planetimizin müxtəlif guşələrində yaşayan soydaşlarımız arasında milli birliyin formalaşmasındakı mühüm rolunu vurğulayıb.
Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədr müavinləri Rasa Budberqite və Mantas Adomenas, Seymin xarici əlaqələr komitəsinin sədr müavini, 2009-2012-ci illərdə Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri olmuş Eqidiyus Vareykis çıxış edərək Azərbaycan ilə bağlı xoş təəssüratlarını bölüşüb və ölkələrimiz arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs