DÜNYA
Vilnüsdə rəsmi tədbirlərdə Avropa İttifaqının himni səslənəcək
Bu gündən etibarən Vilnüsdə keçirilən bütün rəsmi tədbirlərdə, o cümlədən məktəb bayramlarında da Litvanın himni ilə yanaşı, Avropa İttifaqının himni də səslənəcək. Bu qayda özünüidarə administrasiyası direktorunun oktyabrın 21-dən qüvvəyə minən əmrində nəzərdə tutulub.
Vilnüs Avropa İttifaqında rəsmi tədbirlərdə və bayramlarda hər iki himnin səslənəcəyi ilk şəhər olacaq. Bu ideyanın müəllifi Vilnüsün meri Arturas Zuokasdır. Mer bildirib ki, belə bir qərarın qəbul edilməsində məqsəd biz unikal iqtisadi və siyasi birliyin tərkib hissəsi olmağımızı xatırlatmaq, habelə musiqinin universal dilinin köməyi ilə azadlıq, sülh və həmrəylik ideallarını vəsf etməkdir.
1972-ci ildə Avropa Şurası Lüdviq Van Bethovenin “Təntənəli oda” əsərini özünün himni kimi seçib. 1985-ci ildə Avropa İttifaqının üzvü olan ölkələrin dövlət və hökumət rəhbərləri də bu əsəri rəsmi himn kimi təsdiq ediblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs