CƏMİYYƏT
Virtual reallığı əks etdirən eynək neyrocərrahların köməyinə gəlib
Bakı, 20 fevral, AZƏRTAC
AZƏRTAC “health-ua.org” saytına istinadla xəbər verir ki, Fransada təbabət tarixində ilk dəfə virtual reallığı əks etdirən eynəyin köməyi ilə neyrocərrahiyyə əməliyyatı aparılıb.
Fransa neyrocərrahları baş beyindən bədxassəli şişin kəsilib götürülməsi əməliyyatı zamanı xəstənin vəziyyətinə bilavasitə nəzarət etmək üçün bu eynəkdən uğurla istifadə ediblər. İndiki halda huşu başında olan xəstənin gözünə eynəyi cərrahlar yox, xəstə özü taxıb. Bu eynək beynin sağlam hissələrinin, o cümlədən görmə mərkəzinin zədələnməsinin qarşısını alıb.
Beyindəki şişləri kəsib götürmək üçün hazırda tez-tez ”yuxu-oyanma-yuxu” metodu tətbiq edilir. Bu zaman “əməliyyat müddətində oyanma” deyilən hadisə baş verir. Xəstənin kəlləsi trepanasiya ediləndən sonra onu narkozdan ayıldırlar və cərrah əməliyyat zamanı vaxtaşırı olaraq ondan görmə və eşitmə qabiliyyətinin pisləşib-pisləşmədiyini soruşur. Fransanın Anje şəhərinin klinikalarından birinin həkimləri əməliyyat müddətində oyanmadan sonra xəstənin gözünə virtual reallığı əks etdirən eynək taxıblar. Xəstə hələ əməliyyatdan əvvəl beynindəki şiş üzündən bir gözünün görmə qabiliyyətindən məhrum olduğuna görə onun ikinci gözünün görmə qabiliyyətini maksimum saxlamaq həkimlər üçün böyük əhəmiyyət kəsb edib.
Əməliyyat zamanı eynək xəstənin görmə sahəsinin istər mərkəzində, istərsə də kənarlarında işıldayan nöqtələrin əmələ gəlməsini təmin edib. Xəstə belə nöqtələrin harada əmələ gəlməsi barədə daim həkimlərə məlumat verib. Bu da cərrahların xəstənin periferik görmə qabiliyyətinin itirilməsinə səbəb ola biləcək səhvlərə yol verməsinin qarşısını alıb. Əməliyyatdan 3 həftə sonra xəstənin o biri gözünün görmə qabiliyyətinin müayinəsi onun görmə itiliyinin tam saxlanıldığını göstərib.