İDMAN
Visente Del Boske: Ukraynaya pley-off oyunlarında uğurlar arzulayıram
Bakı, 13 oktyabr, Elşad Qəzvini, AZƏRTAC
Futbol üzrə İspaniya yığması “Avro-2016” seçmə mərhələsinin sonuncu oyununda Ukrayna millisini 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra təəssüratlarını bölüşən İspaniya millisinin baş məşqçisi Visente Del Boske yetirmələrindən razı qaldığını bildirib. Rəqib komandanın da oyununu müsbət qiymətləndirən Del Boske deyib: “Yığmanın heyətində məni çətin seçim gözləyir. Çünki “Avro-2016”da heyətdə yalnız 23 futbolçu yer alacaq. Peşəkar futbolçularımız kifayət qədərdir. Ancaq hələ ki vaxt var. Hazırda işimiz yüngülləşib. Millidə bir sıra dəyişiklərdən sonra böyük təcrübə qazandıq”.
Ukraynalıların meydanda çox fəal olduqlarını deyən ispaniyalı baş məşqçi xüsusilə David de Heanın oyununu yüksək qiymətləndirib: “Ukrayna millisi heyətində bir çox peşəkar futbolçuların olması ilə fəxr edə bilər. Onlara pley-off oyunlarında uğurlar arzulayıram”.