CƏMİYYƏT


Vitali İqnatenkonun “Mənimlə və mənsiz” kitabının təqdimatı olub

A+ A

Moskva, 12 noyabr, AZƏRTAC

Rusiyanın TASS informasiya agentliyində tanınmış jurnalist və ictimai xadim Vitali İqnatenkonun “Mənimlə və mənsiz” kitabının təqdimatı olub.

Təqdimatda Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, görkəmli ictimai-siyasi xadimlər, tanınmış jurnalistlər iştirak ediblər.

Kitabın qəhrəmanlarından biri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu müəlliflə tanışlığının tarixindən söz açaraq deyib: “Biz 1960-cı illərin ortalarında tanış olmuşuq və bütün bu illər ərzində dostluq edirik. Xoşbəxtlikdən bir-birimizə mehriban münasibəti bu illər ərzində qoruyub saxlaya bilmişik”. Altmışıncılar nəslinin bütün nümayəndələri kimi, Vitali İqnatenkonun da iki dövrün insanı olduğunu diqqətə çatdıran səfir deyib: “Bu, Sovet İttifaqı idi, öz ideologiyası, sərt rejimi ilə. Vitali Nikitiç orada çox yüksək mövqelər tuturdu. Dövr dəyişdi, ideologiya da dəyişdi, amma istedadlı insan hər sahədə istedadlıdır. Vitali Nikitiç yeni suveren Rusiyada da öz şəxsiyyətinə layiq yer tutdu”.

P.Bülbüloğlu vurğulayıb ki, Vitali İqnatenkoya Azərbaycanda hörmət edir və sevirlər. O deyib: “Prezident İlham Əliyevdən tutmuş sadə insanlara qədər Azərbaycanda çoxları Vitali Nikitiçə hörmət bəsləyir və onu sevir. Ümummilli lider Heydər Əliyev də onu şəxsən tanıyıb və qiymətləndirib”.

TASS-ın baş direktoru Vladimir Mixaylov, agentliyin baş direktorunun birinci müavini Mixail Qusman, Rusiyanın Birinci kanalının baş direktoru Konstantin Ernst, Dövlət Dumasının deputatı Leonid Slutski və başqaları çıxış edərək müəlliflə birgə işlədikləri və dostluq etdikləri illərdən danışıblar.

Xoş sözlərə görə təşəkkür edən Vitali İqnatenko kitabında uşaqlıq illərindən əhatə olunduğu insanlardan söz açdığını bildirib: “Mən də başa düşürdüm ki, yalan danışmaq, geriyə çəkilmək olmaz, çünki yanındakılar sənin dostların, məsləkdaşların, həmkarlarındır. Tarixin bütün dönüşlərində, dəyişkliklərində onlar özlərini itirməyiblər. Bu kitabda mənfi insanlar yoxdur. Məncə, həyatı xeyirxah insanlar yaradırlar və bu kitab da onlar haqqındadır”.

Vitali İqnatenko on ildən çox “Komsomolskaya pravda” qəzetində işləyib, SSRİ prezidentinin mətbuat xidmətinə rəhbərlik edib, Rusiya Hökuməti sədrinin müavini olub. TASS-ın baş direktoru vəzifəsindən gedəndən sonra o, Federasiya Şurasının üzvü olub. Azərbaycan və Rusiya arasında informasiya sahəsində əməkdaşlığın və əlaqələrin möhkəmlənməsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeninə layiq görülüb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.