SİYASƏT
Vitold Vaşçikovski: Polşa Azərbaycan ilə hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırki durumundan məmnunluq ifadə olunub, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.
Elmar Məmmədyarov Polşanı Azərbaycan üçün vacib və etibarlı tərəfdaş adlandırıb və ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açıb. Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olundu.
Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən Elmar Məmmədyarov sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminliyini ifadə edib.
Nazir Vitold Vaşçikovski Polşanın Azərbaycan ilə ikitərəfli və çoxtərəfli əsasda hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb.
Görüş əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətə məlumat verib.