DÜNYA
Vladimir Çijov: “Türk axını”nın ikinci kəməri üçün Avropa Komissiyası zəmanət verməlidir
Bakı, 19 dekabr, Nihad Budaqov, AZƏRTAC
Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) Avropaya uzanacaq ikinci kəməri üçün Avropa Komissiyası tərəfindən zəmanət verilməlidir.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsi Vladimir Çijov deyib.
O, “Türk axını” qaz boru kəməri layihəsində inşa ediləcək ilk kəmərin Türkiyə, ikinci kəmərin isə Cənub-Şərqi Avropa üçün planlaşdırıldığını xatırladıb.
Layihə çərçivəsində inşa edilməsi nəzərdə tutulan ikinci kəmər üçün böyük bir potensialın olduğunu vurğulayan V.Çijov deyib: “Rusiya və tərəfdaşlarının ikinci kəməri inşa etməsi üçün layihənin Avropa Komissiyası tərəfindən imtina edilməyəcəyinə dair təminat alması lazımdır”.
Xatırladaq ki, dekabrın 16-da Rusiya hökuməti “Türk axını” qaz boru kəməri üzrə müqavilənin təsdiq olunması barədə qanun layihəsini qəbul edib. “Türk axını” müqaviləsinin qəbul olunması üzrə qanun layihəsinin təsdiq edilərək Dövlət Dumasına göndərilməsinə qərar verilib.
Dekabrın 6-da isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təbii qazını Qara dənizi keçməklə Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəməri layihəsi üzrə iki ölkə arasında imzalanan hökumətlərarası sazişi ratifikasiya edib.
Oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıblar.
“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.