İQTİSADİYYAT
Vladimir Putin OPEC və Rusiyanın neft təklifi ilə bağlı razılıq əldə etməsini istədiyini deyib
Bakı, 2 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın neft təklifi ilə bağlı razılıq əldə etməsini istədiyini deyib.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, V.Putin dünya neft hasilatının təxminən yarısına bərabər olan OPEC və Rusiyanın neft təklifinin miqdarının “dondurulması” barədə razılıq əldə etməsini istədiyini və İranın da iştirakı ilə birgə həll yolunu gözlədiyini bildirib.
“Ümid edirəm ki, bu bazarın sabit və ədalətli enerji qiymətlərini qorumaq istəyən hər bir iştirakçısı lazım olan qərarı verəcək”, – deyə Rusiya Prezidenti əlavə edib.
Qeyd edək ki, OPEC-ə üzv və Rusiya da daxil olmaqla digər böyük neft istehsalçısı ölkələrin nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının “dondurulması”nın əsas müzakirə mövzusu olacağı bildirilir.