DÜNYA
Vnukovo hava limanındakı təyyarə qəzası ilə əlaqədar aeroportun dörd əməkdaşı saxlanılıb
Rusiyalı müstəntiqlər Total konserninin icraçı direktoru Kristof de Marjerinin və üç ekipaj üzvünün həlak olduğu təyyarə qəzası ilə əlaqədar Vnukovo aeroportunun dörd əməkdaşını saxlayıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu gün Rusiya istintaq komitəsi hava limanının aparıcı mühəndisi Vladimir Ledenyovun, qarın təmizlənməsinə məsul şəxsin - uçuşlara rəhbərlik edən Roman Dunayevin, dispetçer Aleksandr Kruqlovun və stajçı-dispetçer Svetlana Krivsunun saxlandığını bildirib. Həmin şəxslərin uçuşların və uçuş zolağındakı işlərin təhlükəsizlik tələblərini təmin etmədikləri ehtimal olunur.
Rusiyada və Fransada artıq təyyarə qəzası ilə bağlı cinayət işi başlanılıb. Bu məqsədlə təyyarə qəzalarının təhqiqatı üzrə Fransa bürosunun üç müstəntiqi, həmçinin təyyarənin sahibi “Unijet” aviakompaniyasının iki texniki eksperti və laynerin istehsalçısı “Dassault Aviation” kompaniyasının nümayəndəsi Moskva şəhərinə gəlib.
Telekanalın son məlumatına görə, “Vnukovo” hava limanının baş direktoru Andrey Dyakov və onun müavini Sergey Solntsev dörd nəfərin ölümünə səbəb olmuş qəza ilə əlaqədar istefa veriblər. Məlumatda, həmçinin aeroportun növbə rəisinin, aerodromun istismar bölməsinin rəisinin və növbənin baş mühəndisinin də işdən kənarlaşdırıldığı bildirilir.