İDMAN
Voleybol üzrə Azərbaycan milli komandalarının Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib
Bakı, 26 fevral, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunları voleybol yarışlarının seçim turunda iştirak edəcək qrupların tərkibini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunlarının voleybol yarışlarında 12 kişi və 12 qadın idmançıdan ibarət milli komanda iştirak edəcək. Həmin komandalar Avropanın son reytinq siyahılarında tutduqları yerlərə görə seçim mərhələsində yer alıblar. Azərbaycanın milli komandaları Oyunlara ev sahibliyi edən ölkə kimi seçim mərhələsində iştirak edəcək.
Kişi voleybolçuların yarışında “A” qrupunda Azərbaycan, Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə yığmaları yer alıb. “B” qrupunda isə Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya kollektivləri mübarizə aparacaq.
Qadınların turnirində Azərbaycan, İtaliya, Türkiyə, Polşa, Belçika və Rumıniya milliləri “A”, Rusiya, Serbiya, Almaniya, Hollandiya, Xorvatiya və Bolqarıstan yığmaları isə “B” qrupunda yarışacaq.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, voleybol mötəbər yarışın proqramına daxil olan ən məşhur idman növlərindən biridir. Biz iyunda Bakıda yüksək səviyyəli yarışlar keçirməyi böyük səbirsizliklə gözləyirik.
Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer bildirib ki, qitənin ən güclü komandaları Bakıda keçiriləcək Oyunlarda yarışacaqlar və qrupların tərkibi bizə yarışların başlamasından etibarən bir sıra yüksək səviyyəli görüşləri izləməyə imkan yaradacaq. Əminik ki, Azərbaycanda keçiriləcək voleybol yarışları “Bakı-2015”də azarkeşlər tərəfindən böyük həvəslə qarşılanacaq.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs Okallaqan deyib: “Avropanın ən güclü voleybol komandaları Avropa Oyunlarında mübarizə aparacaq. “Bakı-2015” voleybolçulara “Rio-2016” Olimpiya Oyunlarında iştirak etmək fürsət yaradır. Bizi iki həftə ərzində davam edəcək həyəcanverici oyunlar gözləyir.
Avropa Oyunlarında iyunun 13-də “Crystal Hall”da start götürəcək voleybol yarışlarında 336 idmançı iştirak edəcək.