İDMAN


Voleybol üzrə qadınlar arasında Avropa çempionatının  final mərhələsinə həsr olunmuş festival keçirilib

Bakı, 28 iyul, G.Mahmudlu, AZƏRTAC

İyulun 28-də Heydər Əliyev Mərkəzinin parkında cari ildə ölkəmizdə keçiriləcək voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə həsr olunmuş festival keçirilib.

AZƏRTAC xəbər verir ki, voleybol festivalı açıq havada təşkil olunub. Tədbirdə orta məktəblərin şagirdləri, qadınlardan ibarət voleybol üzrə milli komandamızın üzvləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Voleybol Federasiyasının nümayəndələri iştirakçılara idmanın bu növü üzrə qaydalardan, voleybolun tarixindən, ölkəmizdə keçirilmiş və gələcəkdə təşkil ediləcək yarışlar haqqında ətraflı məlumat veriblər.

Sonra şagirdlər milli komandamızın oyunçuları ilə yaxından tanış olublar.

Festival çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında üç voleybol toru qurulub. Əvvəlcə məşqçilərin nəzarəti ilə topsuz və topla isinmə hərəkətlərini yerinə yetirən uşaqlar daha sonra qadın voleybolçular və media nümayəndələrindən ibarət komandalarla yarışlarda qüvvələrini sınayıblar. Sonda məktəblilər arasında viktorina təşkil olunub.

Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyasının nəzdində fəaliyyət göstərən Voleybol İnkişaf Mərkəzi tərəfindən keçirilən festival dörd mərhələdən ibarətdir. Birinci mərhələ apreldə Bakıda - Xətai idman məktəbində, ikinci mərhələ Şəki və Gəncə şəhərlərində keçirilib. Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan tədbir festivalın üçüncü mərhələsidir. Dördüncü mərhələ isə sentyabrda - Avropa çempionatının başlanmasından bir neçə gün əvvəl keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.