REGİONLAR
Voleybolçular Ağbulaq İstirahət Mərkəzində olublar
Şahbuz, 23 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə yeniyetmə voleybolçuların Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, avqustun 21-22-də mərkəz 45 voleybolçunu qəbul edib. İdmançılar əvvəlcə Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanış olublar. Məlumat verilib ki, burada 2 min 899 bitki növü yayılıb və onların bir çoxu endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.
Sonra idmançılar Ağbulaq İstirahət Mərkəzinə yol alıblar. Burada idmançılara bildirilib ki, Ağbulaq İstirahət Mərkəzi Naxçıvanda kənd turizminin inkişaf etdirildiyi ən gözəl məkanlardan biridir. 2013-cü ildə istifadəyə verilən mərkəzin ərazisi 3,5 hektardır və 3 yaşayış korpusundan, 1 yeməkxana binasından ibarətdir.
Həmin gün proqrama uyğun olaraq, voleybolçular müxtəlif stolüstü oyunlarda mübarizə aparıblar. Şahmat, dama kimi zehni oyunların ardınca “Ağbulaq” bulağına yürüş keçirilib. Vətənpərvərlik mövzusunda sənədli filmin nümayişi idmançılarda xoş təəssüratlar yaradıb.
Növbəti gün voleybolçular müxtəlif idman yarışlarında qüvvələrini sınayıblar. Mərkəzin stadionunda voleybol yarışı keçirilib, idmançılar üçün əyləncəli saat təşkil edilib. Əyləncəli saatda yeniyetmə idmançılara bir-birindən xoş musiqi nömrələri təqdim olunub. Axşam saatlarında isə idmançıların Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.