DÜNYA
Volfqanq Nirsbax futbol sahəsindəki bütün vəzifələrindən bir il müddətinə kənarlaşdırılıb
Berlin, 27 iyul, AZƏRTAC
Almaniya Futbol İttifaqının (DFB) sabiq prezidenti Volfqanq Nirsbax 2006-cı il dünya çempionatının keçirilməsi hüququnun Almaniyaya verilməsi ətrafında korrupsiya qalmaqalı ilə əlaqədar futbol sahəsində tutduğu bütün vəzifələrdən bir il müddətinə kənarlaşdırılıb. Kənarlaşdırma qərarı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) etika komissiyası tərəfindən qəbul edilib. Qurumun Sürixdəki qərargahından bildiriblər ki, cəza dərhal qüvvəyə minir.
Nirsbaxın özü “SID” idman informasiya agentliyinə bildirib ki, FIFA-nın qərarı onun “bərk xətrinə dəyib”. DFB-nin sabiq rəhbərinin sözlərinə görə, o, səhvini boynuna alıb və 2005-ci ildə dünya çempionatının təşkilat komitəsi ilə FIFA arasında ödənişlərin təhlükəli axını barədə məlumatı gec bildirdiyinə görə peşman olduğunu bir daha etiraf edib. Futbol funksioneri bu qərarı həddindən artıq sərt və yersiz qərar adlandırıb və ona qarşı tətbiq edilən sanksiyalara hüquqi cəhətdən etiraz etmək niyyətində olduğunu bildirib. Etika komissiyasının qərarına görə, V.Nirsbax həm Avropa Futbol Federasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsindəki, həm də FIFA Şurasındakı vəzifələrindən kənarlaşdırılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin