CƏMİYYƏT
Volqoqradda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
Bakı, 24 dekabr, AZƏRTAC
Volqoqrad-Bakı Dostluq Parkında qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Volqoqrad vilayətinin dövlət strukturlarının nümayəndələri, vilayət ictimai palatasının üzvləri, şəhərin ictimai və milli təşkilatlarının rəhbərləri iştirak ediblər.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Volqoqrad bölməsinin və “Mı – rossiyane” Rusiya Xalqları Gənclər Assambleyasının sədri Dünya Əhədova iştirakçıları bayram münasibətilə təbrik edib. O, həmvətənlərinə təbriklərini ana dilində çatdırıb.
Volqoqrad vilayət Dumasının deputatı, sənaye, yanacaq-energetika kompleksi, nəqliyyat və yol təsərrüfatı komitəsinin sədri Dmitri Kalaşnikov, Volqoqrad şəhər Dumasının deputatı, torpaqdan istifadə və şəhərsalma komitəsinin sədri Sergey Zabednov, Volqoqrad vilayətinin millətlərin və kazakların işi üzrə komitəsinin sədri Marina Brikker, ictimai palatanın üzvü, Rusiya Xalqları Assambleyası Volqoqrad bölməsinin sədri Lidiya Budçenko, eləcə də inquş, osetin, kalmık, tatar, ərəb, Dağıstan və digər milli birliklərin rəhbərləri azərbaycanlıları Həmrəylik Günü münasibətilə təbrik edib, Azərbaycan haqqında, eləcə də RAGB-nin Volqoqrad bölməsinin səmərəli fəaliyyəti barədə xoş sözlər deyiblər.