CƏMİYYƏT
Volqoqradda ümumrusiya vətənpərvərlik avtoyürüşünə start veriləcək
Bakı, 10 avqust, AZƏRTAC
Rusiya Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC – DOSAAF) tərəfindən təşkil edilən ümumrusiya vətənpərvərlik avtoyürüşünün iştirakçıları Volqoqrada gəliblər. Avqustun 10-da Mamay kurqanında keçiriləcək bu iri tədbirin açılış mərasimində Volqoqrad vilayətinin qubernatoru da iştirak edəcək.
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Volqoqrad bölməsindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 9-da Rusiya OADKYC Volqoqrad bölməsində Sergey Zabednovun sədrliyi ilə təşkilati müşavirə keçirilib.
Müşavirənin gedişində Mamay kurqanından götürülmüş torpaq Stavropol diyarı qubernatorunun köməkçisi, veteranların “Döyüş qardaşlığı” Ümumrusiya ictimai təşkilatının Stavropol diyar bölməsinin sədri və ümumrusiya vətənpərvərlər atvoyürüşünün heyət üzvü Nikolay Borisenkoya təqdim edilib. Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Volqoqrad bölməsinin sədri Dunya Əhədova qonaqları şəhərlə tanış edib, daha sonra onlarla birlikdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınmış Volqoqrad-Bakı Dostluq Parkına gedib.