CƏMİYYƏT


Vsevolod Matveyev: Sovet İttifaqında böyrəklərin polikistozu probleminin birinci tədqiqatçısı akademik Mirməmməd Cavadzadə olub

Bakı, 3 iyun, Əziz Məmmədov, AZƏRTAC

Mən özümü xoşbəxt sayıram ki, akademik Mirməmməd Cavadzadə ilə şəxsən tanış idim. Onun çoxtərəfli fəaliyyəti təbabətin nəzəri məsələləri ilə bərabər, elmi-təşkilati işləri də əhatə edirdi, 12 il bundan əvvəl Bakıda keçirilmiş elmi-praktiki konfransda onunla bərabər bu tədbirin həmsədri olmuşam. Bundan əlavə, mənim atam – N.N.Bloxin adına Rusiya Onkoloji Mərkəzinin (ROM) Urologiya klinikasının rəhbəri və Rusiya onkourologiya elminin əsasını qoyanlardan biri olmuş professor Boris Matveyev də onunla şəxsən tanış idi. Atam akademik Cavadzadə haqqında həmişə yüksək fikir söyləyir, onu böyrəklərin polikistozu kimi mürəkkəb bir problemi araşdırmış və öyrənmiş nadir mütəxəssis kimi səciyyələndirirdi. O vaxt Sovet İttifaqında heç kəs bu problemlə məşğul olmurdu. Bu yolu birinci keçən Cavadzadə olub.

Akademik Mirməmməd Cavadzadənin 90 illiyi münasibətilə keçirilən beynəlxalq konfransın iştirakçısı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Rusiya Onkoloji Mərkəzinin urologiya şöbəsinin müdiri professor Vsevolod Matveyev bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

V.Matveyev daha sonra deyib: “Sizin ölkənizdə urologiya elminin inkişafı və uğurları akademik Cavadzadənin adı ilə bilavasitə bağlıdır. Müasir texnologiyalar sürətlə inkişaf edir. Buna görə onların 50 il bundan əvvəl də bugünkü səviyyədə olduğunu söyləmək gülməli olardı. Lakin Azərbaycanda bugünkü urologiyanın təməlini məhz akademik Cavadzadə və onun məsləkdaşları yaradıb. Cavadzadə bu insanlara yol verir və onları dəstəkləyirdi. Bundan əlavə, görkəmli uroloq və pedaqoq urologiya sahəsində sovet kadrlarının hazırlanmasına layiqli töhfə verib. O, həqiqətən böyük insandır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.