İDMAN


Vüqar Həşimov Akademiyasının təntənəli açılış mərasimi keçirilib VİDEO

A+ A

Bakı, 1 oktyabr, S.Quliyev, S.Allahverdiyeva, AZƏRTAC

Oktyabrın 1-də Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları, o cümlədən mərhumun yaxınları, Azərbaycan Şahmat Federasiyasının əməkdaşları, milli komandaların üzvləri və idman ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabana gələrək görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət edib, onunla bağlı xoş xatirələrindən danışıblar.

Mərhumun məzarı önünə əkil qoyulub, xatirəsi ehtiramla yad olunub.

Sonra akademiyanın açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın görkəmli qrossmeysterinin həyatından bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək şahmatçının qazandığı uğurlar barədə məlumat verib, akademiyanın fəaliyyətə başlamasının önəmini yüksək qiymətləndirib. Vitse-prezident bildirib ki, Vüqar Həşimov şahmatda qazandığı nailiyyətlərlə bundan sonra da yaddaşlarda qalacaq. Ölkəmizdə şahmatın inkişafına layiqli töhfələr verən Vüqar həmişə belə bir akademiyanın yaradılması arzusunda idi. Təəssüf ki, o, bu akademiyaya rəhbərlik edə bilmədi. Vüqar Həşimov ölkəsini sevən, komanda yoldaşları ilə daim mehriban münasibətdə olan və öz biliklərini şahmatçılarla bölüşməkdən çəkinməyən insan idi.

Azərbaycan komandasının Avropa çempionatında qələbəsinin məhz Vüqar Həşimovun sayəsində qazanıldığını diqqətə çatdıran Faiq Həsənov onun yoxluğunun ölkə şahmatında hiss olunduğunu deyib: “Yaxın günlərdə ölkəmizdə 42-ci Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olundu. Vüqarın yoxluğu özünü nəticədə də göstərdi. İnanıram ki, Vüqar bu yarışa qatılsaydı, millimizin çıxışı daha uğurlu olardı”.

Akademiyada istedadlı şahmatçıların yetişəcəyinə əminliyini vurğulayan vitse-prezident yaradılan şəraitə görə şahmatçının ailə üzvlərinə təşəkkürünü bildirib.

V.Həşimovun komanda yoldaşları Qədir Hüseynov və Zeynəb Məmmədyarova mərhum şahmatçı barədə xatirələrini bölüşüb, onun sadiq dost, güclü şahmatçı olduğunu diqqətə çatdırıblar. Akademiyanın ölkəmizdə idmanın bu növünün təbliğində mühüm rol oynayacağını bildirən natiqlər burada şahmatın sirlərini öyrənənlərə ustad dərsləri və seanslar keçmək istədiklərini qeyd ediblər.

Vüqarın atası Qasım Həşimov oğlunun dünya şahmat tarixində iz buraxdığını bildirərək deyib. “İnsanlar mənə daim böyük hörmətlə yanaşırlar. Bu da məni qürurlandırır. Ölkəmizdə Şahmat Akademiyası yaratmaq Vüqarın çoxdankı arzusu idi. Bu gün onun arzusu gerçəkləşdi. Akademiyaya maraq da böyükdür. Ümid edirəm ki, burada istedadlı və Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil edəcək zəka sahibləri yetişəcəklər”.

Qasım Həşimov Vüqarın beynəlxalq yarışlardakı partiyalarının bir nəşrdə toplanıb şahmatsevərlərə çatdırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra Vüqar Həşimovun yaradıcılığından bəhs edən film nümayiş olunub.

Vüqar Həşimov adına Şahmat Fondunun prezidenti, Əməkdar Məşqçi Anar Allahverdiyev fondun nəzdində Akademiyanın fəaliyyətə başlaması münasibətilə idman ictimaiyyətini təbrik edərək deyib: “Vüqar həyatdan tez köçdüyü üçün onun arzuları yarımçıq qaldı. Bu gün onun arzularından ən əsası gerçəkləşdi. Fondun təşkilatçılığı ilə bir neçə turnir təşkil olunub. Akademiya şahmatın inkişafına, istedadlı idmançıların üzə çıxarılmasına, şahmatın kütləviləşməsinə mühüm təsir göstərəcək”.

Çıxışlardan sonra qonaqlar Akademiyanın binasında yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, Akademiya 300-dək şahmatçını qəbul etmək iqtidarındadır. Akademiyanın binası iki böyük oyun zalından və dörd tədris otağından ibarətdir. Şahmat Akademiyasında idmanın bu qədim növünün sirlərinin öyrədilməsi üçün hər cür şərait yaradılıb. Dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır.

Tədbir iştirakçıları Akademiyada yaradılan şəraiti yüksək qiymətləndirib, onun işinə uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.