İDMAN
Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə Azərbaycan şahmatçısı liderlik edir
Bakı, 30 iyul, AZƏRTAC
Görkəmli Azərbaycan şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar arasında beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, Bakıdakı 6 nömrəli məktəb-liseydə keçirilən yarışda 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan 110 şahmatçı mübarizə aparır.
Turnirdə altıncı turun görüşləri artıq başa çatıb. Altı turdan sonra əməkdar məşqçi Anar Allahverdiyevin yetirməsi olan Məhəmməd İsmayılov aktivinə 5,5 xal yazaraq vahid liderdir. Digər şahmatçılarımız Məhəmməd Muradlı, Atilla Eynullayev, Fərid Mustafayev və gürcüstanlı Nikolozi Kacarava hərəyə 5 xal toplayaraq 2-5-ci yerləri bölüşdürürlər.
Yarışlarda Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və Fransa təmsilçiləri də iştirak edirlər.
Beynəlxalq turnir İsveçrə sistemi ilə 9 turdan ibarət olmaqla keçirilir. Yarışın baş hakimi FİDE hakimi Cavanşir Bağırovdur.