İQTİSADİYYAT


Vüqar Şixəmmədov: Azərbaycanda turizmin inkişafının növbəti mərhələsi müəyyən edilir VİDEO

A+ A

Bakı, 3 sentyabr, C.Alışlı, F.Şükürova, AZƏRTAC

Azərbaycanda turizm sahəsinin inkişafı baxımından görülən işlər öz bəhrəsini verməkdədir. Belə ki, bu gün nəinki paytaxt Bakıda, hətta ölkəmizin bölgələrində də çoxsaylı əcnəbi turistlərə rast gəlmək mümkündür. Bütün bunlar Azərbaycanda turizm biznesinin daha da genişləndirilməsi, ölkəmizin turistik bölgəyə çevrilməsi üçün görülən ardıcıl işlərin bəhrəsidir. Lakin son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi, dünya turizm bazarına inteqrasiya istiqamətində aparılan ardıcıl işlər, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini də zəruri edir. Bu səbəbdən də dövlət başçısının sentyabrın 1-də imzaladığı müvafiq sərəncamlar ölkəmizdə turizmin inkişafına yeni bir mərhələ açacaq. Bu sərəncamlarda turizm sahəsinin inkişafı, müasir tələblər baxımından yenidən qurulması, Turizm Şurasının yaradılması, o cümlədən digər mühüm məsələlər öz əksini tapıb və müvafiq tapşırıqlar verilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov AZƏRTAC-a müsahibəsində müvafiq sərəncamlardan irəli gələn məsələlərlə bağlı fikirlərini bölüşüb.

V.Şixəmmədov deyib:

- Məlum olduğu kimi, sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən turizmin inkişafı ilə bağlı bir neçə müvafiq sərəncamlar imzalanıb. Bu sərəncamlara uyğun olaraq, hər il sentyabr ayının 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək. Bilirsiniz ki, bu gün həm də Ümumdünya Turizm Günüdür. Bununla bağlı olaraq hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər görülür, silsilə tədbirlər keçirilir.

Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında bu sahənin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verilib. Artıq Sərəncamdan irəli gələn vəzifələrin icrası üçün müəyyən işlərin görülməsinə başlanılıb. Sərəncamda Turizm Şurasının yaradılması nəzərdə tutulur. Şura, turizm sahəsinin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında koordinasiya-əlaqələndirmə funksiyasını yerinə yetirəcək. Ölkə başçısının Sərəncamında Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) keçirilməsi ilə bağlı da müəyyən tapşırıqlar verilib. Bunla əlaqədar olaraq müvafiq təkliflər hazırlanaraq dövlət başçısına təqdim olunacaq.

Sərəncamda Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizdə turizm nümayəndələrinin yaradılması məsələsi də öz əksini tapıb. Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin Rusiya, BƏƏ, Almaniya və Türkiyədə ölkəmizin turizm potensialının təbliğatını aparmaq məqsədilə turizm nümayəndəlikləri fəaliyyət göstərir. Bundan əlavə, imzalanan mühüm sənətdə, yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində turizm və rekreasiya zonalarının yaradılmasının nəzərdə tutulması məsələsi öz əksini tapıb. Bu da Şimal bölgəmizdə yerləşən Quba, Qusar, Şabran, Xaçmaz, Xızı və Siyəzən rayonlarını əhatə edir. Dəniz sahilli rayonların çimərliklərindən və digər rekreasiya zonalarından səmərəli istifadə etmək nəzərə alınaraq, ümumilikdə bu ərazilərdə 100 min hektaradək ərazi turizm zonası kimi elan edilib. Bununla bağlı da müvafiq işçi qrupu öz üzərinə düşən öhdəliyi yerinə yetirərək ölkə başçısına nəzərdə tutulan təklifləri təqdim etməlidir.

Sərəncamdan irəli gələn digər bir tapşırıq, turizm reyestrlərinin yaradılmasından ibarətdir. Bununla da turizm şirkətləri və mehmanxanalar turistlər qarşısında rahat şəkildə öz öhdəlik və fəaliyyətlərini davam etdirə biləcəklər. Bir sözlə, ölkəmizə turist axınını daha da artırmaq məqsədilə əlverişli aviareyslərin açılması və aşağı büdcəli uçuşların yaradılması kimi tələblərlə bağlı təkliflər hazırlanıb ölkə başçısına təqdim olunacaq. Hazırda bu aviareyslər mövcuddur, ancaq bunların fəaliyyətini daha da intensivləşdirmək, coğrafiyasını genişləndirmək qarşıya məqsəd qoyulub. Ümumilikdə, ölkə başçısının bu Sərəncamları Azərbaycan turizminin inkişafının növbəti mərhələsini müəyyən edərək, turizm sənayesində çalışan hər bir işçinin üzərinə ayrıca məsuliyyət qoyur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.