CƏMİYYƏT


Vüsal Quliyev: Azərbaycanda çox fəal könüllülər ordusu formalaşır

A+ A

Bakı, 23 iyul, AZƏRTAC

ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidmətinin, Mədəniyyət və Turizm Nazirliyinin, “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Avtomobil Federasiyasının, BMT-nin Əhali Fondunun təşkilati dəstəyi ilə İsmayıllıda həyata keçirilən ASAN Könüllülərinin yay məktəbi - “Həmrəylik düşərgəsi”nin növbəti qonağı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonağa düşərgə barədə məlumat verilib, könüllülərin Lahıc qəsəbəsində həyata keçirdikləri işlər təqdim olunub. V.Quliyev düşərgənin iştirakçısı olan ASAN könüllüləri ilə söhbət edib, onlarla fikir mübadiləsi aparıb.

Prezident Administrasiyasının sektor müdiri çıxışında Azərbaycanda könüllülük hərəkatının inkişaf tarixinə nəzər salaraq, ASAN könüllülərinin timsalında gənclərin bu sahəyə marağının getdikcə artdığını diqqətə çatdırıb. Bildirib ki, bu gün ölkəmizdə könüllülük fəaliyyətini tənzimləyən qanunvericilik bazası, habelə könüllülərin təcrübə toplaması üçün kifayət qədər idarə və təşkilat mövcuddur. Şübhəsiz ki, “ASAN xidmət” mərkəzləri könüllülər üçün ən yaxşı təcrübə məkanıdır. O, könüllülük fəaliyyətinin gəncləri faydalı əməyə, insansevərliyə alışdırdığını qeyd edib, onların vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasında böyük rol oynadığını vurğulayıb.

V.Quliyev görüşdə Azərbaycanda həyata keçirilən gənclər siyasətinə də toxunub. O, gənclər üçün yaradılan imkanlardan, onların təşəbbüslərini dəstəkləyən Gənclər Fondunun fəaliyyətindən, regionlarda inşa edilən Gənclər evlərindən, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının uğurlarından, Azərbaycanın beynəlxalq gənclər hərəkatında fəal təmsilçiliyindən geniş söhbət açıb. Gənclər siyasətinin əsas subyekti kimi könüllüləri xüsusi qeyd edən V.Quliyev deyib: “Bu gün könüllülər nəinki gənclər təşkilatlarının əsas tərkib hissəsini təşkil edir, eyni zamanda, ölkəmizdə keçirilən dünya və qitə miqyaslı beynəlxalq tədbirlərin təşkilinə yaxından cəlb olunurlar. Bütün bunlar bizə deməyə əsas verir ki, Azərbaycanda çox fəal könüllülər ordusu formalaşır".

Qonaq görüşün sonunda könüllülərə uğurlar arzulayıb, Azərbaycan dövlətinin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə etməyi, yaxşı təhsil almağı, vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamağı, dövlətçilik maraqlarına hər zaman sadiq qalmağı tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.