DÜNYA
Vyana altıncı dəfə dünyanın yaşamaq üçün ən münasib şəhəri seçilib
Vyana, 6 mart, AZƏRTAC
İnsan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi “Mercer“ Vyananı 6-cı dəfə dünyanın ən yaşamalı şəhəri elan edib. “Yaşayış keyfiyyətinin renkinqi“nə görə dünya şəhərlərinin yeni siyahısında sonrakı yerləri Sürix (İsveçrə) və Oklend (Yeni Zelandiya) şəhərləri tutur.
Dünyanın 230 şəhərinin qiymətləndirilməsi əsasında tərtib edilmiş həmin siyahıda şəhərlərin təklif etdiyi ictimai xidmətlər, tibbi və təhsil imkanları, infrastruktur və nəqliyyat, ekoloji durum və yaşıllıqlar, sosial-mədəni tədbirlər əsas götürülür. Eləcə də kriminogen vəziyyət, ölkədəki sosial-siyasi inkişafın həmin şəhərə təsiri də qiymətləndirmədə mühüm rola malikdir. Ümumilikdə 10 kateqoriyada təsnif olunmuş 39 faktor əsasında tərtib edilən renkinq xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan şəxslərin rəyləri əsasında formalaşır.
„Mercer“-in əməkdaşı Xrista Tsihlman öz şərhində bildirib ki, siyahıdakı ön yerləri tutan şəhərlər arasında həyat keyfiyyətində fərqlər çox cüzidir. Vyana xaricdən gəlib bu şəhərdə çalışanlar üçün uyğun kirayəlik mənzil təklifinin çoxluğu, teatr və musiqi tədbirlərinin rəngarəngliyi, fərqli mətbəxləri təmsil edən restoranları və beynəlxalq məktəbləri ilə ilk beşlikdəki digər şəhərləri qabaqlaya bilib.
Həyat keyfiyyəti araşdırmasında axırıncı yerdə son illərdə olduğu kimi, İraqın paytaxtı Bağdad şəhəri dayanır.
Siyahının məqsədi xaricə əməkdaş ezam edən hökumət və beynəlxalq təşkilatlara informasiya mənbəyi kimi xidmət etməkdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana