DÜNYA
Vyana danışıqları: İranın xarici işlər naziri məsləhətləşmək üçün Tehrana qayıdır
Bakı, 21 noyabr, AZƏRTAC
İranın xarici işlər nazirli Məhəmməd Cavad Zərif ölkəsinin nüvə proqramına dair danışıqların keçirildiyi Vyanadan məsləhətləşmək üçün Tehrana qayıtmaq fikrindədir.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi Con Kerri də avropalı tərəfdaşları ilə görüşmək məqsədi ilə Vyanadan Parisə yola düşüb. Onların hər ikisi noyabrın 24-dək Vyanaya qayıtmağı planlaşdırır.
Hər iki ölkə nümayəndəsinin bu addımının danışıqlardakı irəliləyişlə bağlı olduğunu ehtimal edən analitiklər noyabrın 24-də İranın nüvə proqramı ilə bağlı səbirsizliklə gözlənilən razılaşmaya nail olunacağına ümid bəslədiklərini vurğulayırlar.
Avstriyanın paytaxtı Vyanada İran və “altılıq” ölkələri (Rusiya, ABŞ, Britaniya, Fransa, Çin və Almaniya) arasında İranın nüvə proqramına dair danışıqlar gedir. Danışıqların məqsədi beynəlxalq sanksiyaları tədricən aradan qaldırmaqla İrani nüvə proqramını inkişaf etdirməkdən çəkindirməkdir.
Qərb ölkələri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri İranın nüvə silahı istehsal etmək niyyətində olduğunu bəyan etsələr də, rəsmi Tehran nüvə proqramının dinc məqsədlər daşıdığını israrla bildirir.