QAN YADDAŞI
Vyana ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırılmışdır VİDEO
Vyana, 1 mart (AZƏRTAC). Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi martın 1-də bu ölkənin Milli Şurasının (parlament) binasının qarşısında və Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında ötən əsrdə bəşəriyyətin ən dəhşətli soyqırımılarından biri – Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirmişdir.
“Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində baş tutan aksiyada təşkilatın üzvləri, bu ölkədə yaşayan soydaşlarımız və türk diasporunun nümayəndələri iştirak etmişlər.
Əhalinin ən çox hərəkətdə olduğu Ştefan meydanında qurulmuş çadırda Xocalı soyqırımı, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilmişdir. Tələbə cəmiyyətinin üzvləri Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitabça və broşürləri, alman dilində nəşr olunmuş vərəqələri, eləcə də ingilis və alman dillərində dərc edilmiş informasiya materiallarını yerli sakinlərə paylamışlar. Tələbələr Ştefan meydanında və parlament binası qarşısında üzərində “Xocalıya ədalət!” yazılmış plakatlar tutmuş, yerli əhaliyə faciə barədə ətraflı məlumat vermişlər.
Meydanda quraşdırmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, sənədli filmlər nümayiş olunmuşdur.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü əsasında təsis olunmuş “Xocalıya ədalət!” kampaniyası dünyanın 40-dan artıq ölkəsində uğurla həyata keçirilir və Azərbaycan Akademik Birliyi ilə əməkdaşlıq çərçivəsində hər il Avstriyada müvafiq tədbirlər təşkil edilir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana