DÜNYA


Vyana şəhərinin tarixi mərkəzi UNESCO-nun “qırmızı sıyahı”sına daxil edilib

Vyana, 6 iyul, AZƏRTAC

UNESCO Vyana şəhərinin tarixi mərkəzini dünya mədəni irsinin məhv olmaq təhlükəsi altında olan obyektlərinin “qırmızı siyahı”sına daxil edib. Bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Polşanın Krakov şəhərində keçirilən 41-ci sessiyasında verilib.

Şəhərin tarixi mərkəzinin “qırmızı siyahı”ya salınmasına səbəb isə onun mərkəzində Hoymarkt adlı ərazidə çoxmərtəbəli yaşayış bina-kompleksinin inşası layihəsinə Vyana Şəhər Bələdiyyəsi tərəfindən müsbət rəy verilməsi olub. Ümumdünya İrs Komitəsinin qərarında qeyd edilib ki, son illər geniş planda həyata keçirilən şəhərsalma fəaliyyəti Vyananın tarixi mərkəzini öz qeyri-adi və universal dəyərini itirmək təhlükəsi ilə üz-üzə qoyub. Bir il ərzində şəhər rəhbərliyi 66 mərtəbəli binanın tikintisi ilə bağlı qərarını dəyişməsə, şəhərin ümumdünya mədəni irs statusunu itirmək təhlükəsi var.

UNESCO-nun Avstriya Komissiyasının baş katibi Qabriela Eşiq mətbuata açıqlamasında bildirib ki, “qırmızı siyahı”ya daxiledilmə Avstriyanın mədəniyyət ölkəsi kimi nüfuzuna zərbə vurur, Vyana şəhəri və bütövlükdə ölkə üçün rüsvayçılıqdır. O, şəhər rəhbərliyi və digər rəsmi qurumları dünya mədəni irsinin mahiyyətini anlamamaqda tənqid edib. Həmçinin qeyd edib ki, dünya mədəni irsi statusu heç də turizm reytinqi və ya turistləri cəlb etmək üçün ticarət markası kimi anlaşılmamalıdır. Bu status daha çox qeyri-adi məkanların bəşəriyyət və gələcək nəsillər üçün qorunub saxlanması naminə xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, hər hansı dünya mədəni irsi obyekti “qırmızı siyahı”ya salınandan sonra rəsmi qurumlar onun UNESCO-nun Dünya İrsi Siyahısına qəbul edilərkən olduğu səviyyəyə çatdırılması üçün tədbirlər kataloqunu təqdim etməlidir. Kataloq və ya fəaliyyət planı bir il ərzində UNESCO-nun müvafiq komissiyasına təqdim edilməsə, obyekt dünya mədəni irsi statusunu itirəcək.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.