MƏDƏNİYYƏT
Vyanada Əməkdar Artist İslam Manafovun diski təqdim edilib
Vyana, 18 noyabr, AZƏRTAC
Vyanada dünya şöhrətli bəstəkar Volfqanq Amadeus Motsartın ev-muzeyində “Bösendorf” zalında Azərbaycanın Əməkdar Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, pianoçu və pedaqoq İslam Manafovun fortepiano konserti və “Frederik Şopen. Balladalar və skertso“ diskinin təqdimatı keçirilib.
Vyanada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının təşkil etdiyi beynəlxalq “Esperantella” festivalı çərçivəsində baş tutan tədbiri bu təşkilatın rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova giriş sözü ilə açıb.
Pianoçu İslam Manafovun yaradıcılıq yolundan bəhs edən F.Tahirova onun xarici ölkələrdəki pedaqoji fəaliyyəti və konsertlərinə toxunub, xüsusilə Niyazi, Rəşid Behbudov, İrina Arxipova ilə əməkdaşlığından danışıb. Eyni zamanda qeyd edilib ki, İ.Manafovun təqdim olunan diskinin on dəfə “Grammy” mükafatına layiq görülmüş dünya şöhrətli Kris Alderin prodüserliyi ilə yazılması Azərbaycan musiqi mədəniyyəti və fortepiano sənətinin böyük uğurudur.
Qeyd edilib ki, təqdim olunan disk Almaniyanın Hannover şəhərində yerləşən məşhur “Bethoven” zalında dünyanın tanınmış musiqi şirkəti olan “Solo Musica” şirkəti tərəfindən yazılıb və bu ilin sentyabr ayından Almaniya, Avstriya və İsveçrədə satışa çıxarılıb.
İ.Manafov konsertdə F.Şopenin tanınmış ballada və skersolarını ifa edib. Anşlaqla keçən konsertdən sonra elan edilib ki, bu diskin təqdimatı yaxın müddətdə Avropanın digər şəhərlərində də keçiriləcək.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana