CƏMİYYƏT


Vyanada Avropa qəzet və nəşriyyatlarının müasir problemləri müzakirə olunub

Vyana, 23 may, AZƏRTAC

Mayın 21-dən 23-dək Vyanada Avropa Qəzet Konfransının növbəti illik toplantısı keçirilib. Hər il olduğu kimi, bu il də konfransda Avropanın aparıcı qəzetlərindən tutmuş kiçik regional qəzetlər də daxil olmaqla 220 mətbu orqanının 500-dən artıq nümayəndəsi, media menecerləri, naşirlər, media ekspertləri iştirak ediblər. Avropanın ən böyük qəzetçi və naşirlər toplantısında müxtəlif ölkələrdən aparıcı mətbu orqanları təmsil edən 40-dək məruzəçi müzakirəyə çıxarılan 24 mövzu ətrafında çıxış edib.

Konfransda AZƏRTAC-ın, Trend-in və Fins.az-ın nümayəndələri də iştirak ediblər.

Tədbiri açan Avstriyanın Federal Kansleri Kristian Kern müasir dövrümüzdə media və siyasət arasında qarşılıqlı əlaqələrdən bəhs edib. O, təəssüflə bildirib ki, həm media qurumları, həm də siyasətçilər son dövrlərdə populist fikirlərə geniş yer ayırırlar. Bu populizm isə insanların real həyatı ilə üst-üstə düşmür. Eyni zamanda, azadlıq dəyərləri media tərəfindən sui-istifadə edilir. Bununla belə, tənqidi mətbuat və jurnalistikanın tərəfdarı olduğunu bildirən Kansler gündəlik mövzulara mətbuatdan açıq və konkret münasibət gözlədiyini ifadə edib. Həmçinin qeyd edilib ki, jurnalistika ilk növbədə cəmiyyətin xidmətində dayanmalı, açıq, plüralist və müstəqil mühitdən manipulativ məqsədlər naminə sui-istifadəyə yol verməməlidir.

Konfransda Avropa ölkələrində qəzetçilik landşaftında yeni tendensiyalar və bununla üzvi surətdə bağlı olan nəşriyyat evləri üçün yaranmış vəziyyət müzakirə olunub. Tədricən rəqəmsallaşan cəmiyyətdə kağız və onlayn arasında rəqabət, mətbu orqanların sosial media kanalları vasitəsilə oxucu kütləsi qazanması, klassik jurnalist araşdırmasının oxunaqlılığının təmin edilməsi üçün əlavə multimedia imkanlarından istifadə, redaksiya və oxucu arasında birbaşa ünsiyyəti təmin edən sosial media imkanları konfransda əsas müzakirə mövzuları olub.

Qeyd edilib ki, ciddi mövzuların kommersiyalaşmış mətbuatda oxucu kütləsi qazanması getdikcə çətinləşməkdədir. Bəzən 140 simvolluq bir tvit 25 min işarəlik sanballı araşdırma məqaləsindən daha çox oxucu qazana bilir. Bu sahədə, həmçinin sosial medianın rolu da tənqid olunub, “Facebook“ və digər şəbəkələrin daşıdıqları cavabdehliyi dərk etməli, “sarı mətbuat” və onların yaydıqları saxta və yalan xəbərlərin tirajlanmasında həssaslıq göstərməli olduqları bildirilib.

Konfransın yekununda 18-ci “Avropa Qəzet Mükafatı”nın təqdimetmə mərasimi keçirilib. Müsabiqənin qalibləri 27 Avropa ölkəsində 191 mətbu orqan arasından seçilib. Finlandiyanın “Hufvudstadsbladet” qəzeti “Ən yaxşı yerli qəzet”, Hollandiyanın “Het Parool” qəzeti “Ən yaxşı regional qəzet”, Danimarkanın “Politiken” qəzeti “Ən yaxşı transregional qəzet”, Almaniyanın “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti “Ən yaxşı həftəlik qəzet” nominasiyalarında 2016-cı ilin nəticələri üzrə Avropanın ən yaxşı qəzetləri olublar.

Hər il olduğu kimi, builki konfrans da JTI (“Japan Tobacco International”) şirkətinin sponsorluğu ilə baş tutub. Azərbaycan jurnalistlərinin konfransda iştirakı bu şirkətin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə mümkün olub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.